SOCAR-ın İsveçrədəki icraçı direktorunun adı 10 milyon avroluq qalmaqalda hallanır


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Turab Musayevin adı 10,3 milyon avroluq qalmaqalda hallanır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyinin hazırladığı araşdırmada bildirilib. Qeyd olunur ki, Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki törəmə şirkəti olan "SOCAR Trading"in icraçı direktoru Turab Musayev Malta hökumətinə məxsus “Enemalta” şirkəti ilə birlikdə Montenoqronun külək enerjisi ilə bağlı layihəsini icra edib və bu zaman 4,6 milyon avro mənfəət götürüb. Belə ki, xəbərdə 10 dekabr 2015-ci ildə “Mozura” külək enerjisi istehsalçısının səhmlərinin 99 faizi Seyşel adalarında qeydiyyatdan keçmiş “Cifidex” LTD adlı bir vasitəçi tərəfindən 2,9 milyon avroya alındığı qeyd olunur. İki həftə sonra isə sözügedən şirkət əlindəki bütün səhmləri “Enemalta”ya satıb. İşin qəribə olan tərəfi isə budur ki, “Enemalta” buna görə “Cifidex” LTD-ə 3 qat artıq – 10,3 milyon avro ödəyib. İnformasiya agentliyinin əldə etdiyi məlumata əsasən “Cifidex” LTD T. Musayevin adına qeydiyyatdan keçirilib.
Xəbərdə bildirilir ki, alqı-satqı belə baş tutub: T. Musayevin rəhbəri olduğu “Cifidex” LTD Maltanın ən böyük şirkətlərindən biri olan “17 Black”dan 2,9 milyon avro borc götürərək “Mozura”nın səhmlərini alıb. Səhmlərini “Enemalta”ya satdıqdan sonra isə “17 Black” şirkətinə borcun faizi kimi 3 milyon avro qaytarıb. Beləliklə yerdə qalan 4,6 milyon avronu isə Turab Musayev mənfəət payı kimi götürüb.
Bildirilir ki, İngiltərə pasportu olan T.Musayev, “17 Black”inn sahibi Feneçin iş yoldaşı idi. Bu iki şəxs 2017-ci ildə Maltada 450 milyon avro dəyərindəki qaz-elektrik stansiyası inşa edən bir konsorsiumun həmsədrləri olublar. İctimai qeydlərə görə Turab Musayev konsorsiumun üçdə birinə sahib olan “SOCAR Trading” şirkətini təmsil edib. ARDNŞ “Reuters”ə T. Musayevi Feneç ilə birlikdə işlədiyi enerji layihələri konsorsiumununa direktor təyin etdiyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top