
Koronavirus pandemiyası səbəbindən xüsusi karantin rehiminin tətbiq olunduğu aprel ayı ərzində Azərbaycana xaricdən 680 kiloqram insan tükləri və parik hazırlamaq üçün sair materiallar gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan insan tükünün 1 kiloqramının orta gömrük dəyəri 27,7 dollara və ya 47 manata bərabər olub. Bundan başqa aprel ayı ərzində Azərbaycana qoyulma saqqallar, qaşlar və kirpiklər də idxal olunan mallar arasında yer alıb. Aprel ayı ərzində ölkəyə 31,5 kiloqram saqqallar, qaşlar, kirpiklər və şinyonlar gətirilib. Bu məhsullar üçün 260 dollar vəsait ödənilib.
Diqqət çəkən idxal mallarından biri də öküz sperması olub. Aprel ayı ərzində Azərbaycana xaricdən 80 kiloqram öküz sperması idxal olunub və bunun üçün 46,75 min dollar vəsait ödənilib. Beləliklə 1 kiloqram öküz spermasının dəyəri 584,4 dollar və ya 993 manat təşkil edib.
Bunlardan başqa, apreldə xaricdən 31,3 kubmetr oksigen, 214,04 kubmetr azot idxal olunub. Oksigenin 1 kubmetri üçün 31 dollar və ya 53 manat, azotun 1 kubmetri üçün isə 26,8 dollar və ya 45,7 manat ödənilib.
Aprel ayında Azərbaycana Azərbaycana xaricdən 24,5 milyon ədəd həşərat gətirilib və bunlar üçün 22 min 720 dollar vəsait ödənilib.