XİN-dən bu görüntülərlə bağlı AÇIQLAMA – VİDEO


"Bu videonu sonradan yayıblar. Bu ya məsələni gündəmdə saxlamaq, ya da başqa məqsəd daşıyır".

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bir neçə gün əvvəl Dağıstan polisi ilə Rusiya sərhəddindəki azərbaycanlılar arasında baş vermiş qarşıdurmanın yeni yayılmış görüntüləri barədə Yeniavaz.com-a açıqlama verərkən deyib.
Sözügedən hadisələr zamanı lentə alındığı iddia edilən görüntülərdə əsgərlərin iki həmvətənimizi sürüyərək apardığı müşahidə olunur. Kadrlarda hər iki şəxsin qan içində və huşsuz vəziyyətdə olduğu görünür.
L. Abdullayeva bildirib ki, video sözügedən qarşıdurma zamanı çəkilib və həmin şəxslər ölməyiblər:
“Həmin gün məlumat yayıldı ki, guya ölənlər var. Sonralar Dağıstan rəsmiləri tərəfindən bu məlumat təkzib olundu, yaralıların olduğu bildirildi. O videolar təzə deyil, iğtişaşlar zamanı çəkilən videolardandır. Onlar ölü vəziyyətində deyillər, yaralıdırlar, videoda nəfəs aldıqları görünür. Hətta orada yaralının qana boğulmaması üçün üzünün çevrilməsini istəyirlər. Ölüm halı olsaydı bu haqda məlumat çıxardı. Amma yaralanma halı olubdu. Bu videonu sonradan yayıblar. Bu ya məsələni gündəmdə saxlamaq, ya da başqa məqsəd daşıyır. Əgər yeni bir iğtişaş olsaydı, o, Rusiya mətbuatında işıqlandırılardı”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə ölkəyə üz tutan Rusiyadakı həmvətənlərimiz iki aydan çoxdur ki, Dağıstan sərhəddində ağır şəraitdə gözləyir. Bu isə bir neçə gün öncə Dağıstan polisi ilə sərhəddəki azərbaycanlılar arasında qarşıdurma yaranmasına səbəb olmuş və nəticədə soydaşlarımızdan 5-i yaralanmışdı.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top