Pekində fövqəladə hazırlıq dərəcəsi yenidən 2-ci pilləyə qaldırılıb


Çin paytaxtında COVID-19 infeksiyasının yeni ocağının aşkarlanması səbəbindən şəhərdə fövqəladə hazırlıq dərəcəsi 2-ci səviyyəyə qaldırılıb.

Pekin hökuməti baş katibinin müavini Çen Bay yeni qərara uyğun olaraq, şəhərdəki bütün yaşayış məhəllələrinə kənar şəxslərin girişinin qadağan edildiyini, virusun yayılması baxımından yüksək riskli məhəllələrdə isə səlahiyyətli şəxslər istisna olmaqla giriş-çıxışın dayandırıldığını açıqlayıb. Paytaxtda yeni növ koronavirusun ocağı hesab olunan “Sinfadi” meyvə-tərəvəz və ərzaq məhsullarının topdansatış bazarında olan şəxslərin, habelə şəhərin orta və yüksək riskli zonalarında yaşayanların Pekini tərk etməsi qadağan olunub. Bundan başqa, paytaxtın ümumtəhsil məktəblərinin 1-9-cu siniflərində dərslər yenidən dayandırılıb.

Bildirilib ki, 2-ci səviyyədə fövqəladə hazırlıq dərəcəsində iş fəaliyyətini dayandırmaq zərurəti olmasa da, onlayn işləmək tövsiyə edilir.

Qeyd edək ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan “Sinfadi” ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. O gündən bəri paytaxtda həmin bazarla birbaşa və ya dolayısı ilə əlaqəli olan 106 yoluxma faktı müəyyən edilib. Paytaxt ilə qonşu olan Xıbey, habelə Siçuan və Liaonin vilayətlərində də “Sinfadi” bazarı ilə bağlı olan yoluxma halları müəyyən edilib.

Xıbeyin 10 milyondan çox əhalisi olan Baodin şəhərində güclü sanitar-epidemioloji nəzarət tədbirlərinin tətbiqinə başlanılıb. Hazırda səlahiyyətli qurumlar mayın 30-dan bəri bazara baş çəkənlərin, orada çalışanların və onların yaxın təmasda olduqları adamların, habelə bazarın ətrafında yaşayanların müəyyənləşdirilərək test edilməsi prosesini icra edir. Bundan başqa, paytaxtda kənd təsərrüfatı məhsulları satılan 276 bazar və 33 min ketrinq müəssisəsi dezinfeksiya olunub, 11 bazar isə bağlanıb.

Epidemioloji vəziyyətin yaxşılaşması fonunda Çin paytaxtında qüvvədə olan fövqəladə hazırlıq dərəcəsi iyunun 6-da bir pillə aşağı salınaraq 3-cü səviyyəyə endirilmişdi. Karantin tədbirlərinin növbəti yumşaldılmasına səbəb olan bu qərardan sonra iyunun 8-də orta məktəblərin 4 və 5-ci siniflərində, habelə uşaq bağçalarında dərslər bərpa olunmuş, iyunun 15-dən isə 1-3-cü sinifləri üzrə dərslərin bərpa olunacağı açıqlanmışdı. Bundan başqa, Çində yeni növ koronavirusun ilk aşkarlandığı ən çox yoluxmanın qeydə alındığı Hubey vilayət ilə paytaxt arasında dəmir yolu və hava nəqliyyatı bərpa olunmuşdu.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top