Bakıda ev növbəsi gözləyən məcburi köçkünlər karantin qaydalarını pozub? - AÇIQLAMA

Ötən günlərdə sosial şəbəkələrdə məcburi köçkünlərin kütləvi şəkildə toplaşmasına dair foto yayılıb.

Görüntülərin ev növbəsi gözləyən məcburi köçkünlər üçün keçirilən püşkatma zamanı çəkildiyi bildirilib.

Fotoda karantin rejimi qaydalarının pozulduğu görünür.

Yeniavaz.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat katibi İbrahim Mirzəyev məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, hazırkı şəraitdə məcburi köçkünlərin binanın qarşısında kütləvi şəkildə toplaşması təəssüf doğurur:

“Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin bu il mayın 28-də açılışı olmuş “Qobu park-3” yaşayış kompleksində yerləşdirilməsi üçün keçirilən püşkatma zamanı koronavirus pandemiyası ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl edilməməsi barədə sosial şəbəkələrdə və KİV-də məlumatlar yayılır.

Komitəmiz tərəfindən keçirilən püşkatma Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi sosial davranış qaydaları əsasında keçirilib. Bunun üçün əvvəlcədən lazımi tədbirlər görülüb. Belə ki, püşkatmanın keçirildiyi qapalı məkanda sosial məsafənin gözlənilməsinə və qoruyucu vasitələrdən istifadə olunmasına ciddi nəzarət edilir. Püşkatmaya dəvət olunmuş məcburi köçkünlər içəriyə siyahı üzrə növbə ilə və mütləq şəkildə yalnız tibbi maskadan istifadə etmək şərtilə buraxılırlar. 

Ehtiyacı olanlara komitənin əməkdaşları tərəfindən tibbi maska təqdim edilir. Açıq havada dayanan vətəndaşların püşkatmanın gedişini izləməsi üçün binanın qarşısında monitor qoyulub.

Bununla belə, püşkatmada iştirak etməyə gələn məcburi köçkünlərin binanın qarşısında kütləvi şəkildə toplaşması və hazırkı şəraitə uyğun sanitar-epidemioloji qaydalara əməl etməməsi təəssüf doğurur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha məcburi köçkünləri karantin rejiminə, onların təhlükəsizliyi naminə tövsiyə olunan sosial davranış qaydalarına əməl etməyə çağırır. 

Xatırladırıq ki, püşkatmanın gedişindən və nəticələrindən narazı olan məcburi köçkünlər 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə, Dövlət Komitəsinin rəhbər və vəzifəli şəxslərinin, köçürülmə komissiyasının sədrinin onlayn rejimdə qəbuluna yazıla bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top