
ABŞ-da baş verən Corc Floyd qətlinin təfərrüatları ortaya çıxıb.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, qətlin baş verdiyi gün 46 yaşlı Corc Floyd öz avtomobilində oturub ona yaxınlaşan şəxsi gözləyirdi. Bir neçə dəqiqə sonra naməlum şəxs Floyda yaxınlaşır və əlindəki siqareti ona verir. Daha sonra həmin gənc polisə zəng edir və siqaret verdiyi şəxsin ona saxta 20 dollarlıq əskinas verdiyini deyir. O həmçinin bildirir ki, Floyd olduqca sərxoşdur və özünü idarə edə bilmir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis yaxınlaşır və silahını çıxarıb avtomobildə oturan qaradərilini təhdid edir. Polis Floydu avtomobilindən düşürüb əllərini arxadan qandallayıb səkidə saxlamağa başlayır. Bu zaman polis əməkdaşları şikayət edən şəxsin dediklərinə əsasən afroamerikalının sərxoş və təhlükəli olduğunu düşünürək hərəkət etməyə başlayır. Ancaq, kamera görüntülərində Floydun kifayət qədər sakit olduğu müşahidə edilir. 6 dəqiqə sonra hadisə yerinə daha iki polis yaxınlaşır. Bu vaxt Floyd polis avtomobilinə minməkdən imtina edərək yerə yıxılır və deyir ki, onda klaustrofobiya var. Bu səbəbdən polis maşınına minməkdən imtina edir. 9 dəqiqə sonra həmin yerə daha bir avtomobil yaxınlaşır. Avtomobildən Derek Çavin və Tou Tao adlı iki polis əməkdaşı düşür. Bir neçə dəqiqəlik mübahisədən sonra Floydu polis avtomobilinə mindirmək mümkün olur ancaq, bilinməyən səbəbdən Derek Çavin digər qapıdan Floydu çəkib aşağı salır və dizi ilə boynuna basır. Bu vaxt qaradərili şəxs "nəfəs ala bilmirəm" deyə qışqırmağa başlayır. Polis əməkdaşlarından biri xəstəxanaya zəng edərək şübhəlinin zədələndiyini və təcili müdaxilənin vacib olduğunu bildirir. Ancaq Derek Çavin hələ də dizi ilə Floydun boynuna basmaqda davam edirdi. Floydun ağzından qan gəldiyini və vəziyyətinin ağırlaşdığını bilən polis əməkdaşının nə üçün zorakılığa davam etməsi hələ bilinmir.
Qaradərili sonra yenə qışqırmağa başlayır və yalvarır ki, nəfəs ala bilmir, onu buraxsın. Bu onun son sözləri olur və hərəkətsiz halda yerdə uzanır. Ətrafdakı şəxslər Floydun nəfəs almadığını hərəkətsiz olduğu deyir ancaq, polis onlara qulaq asmır. Floydun huşunu itirməsindən sonra polis daha 5 dəqiqə dizi ilə onun boynuna basmağa davam edir. Yanındakı digər polis bunu görür və iki dəfə Floydu buraxmağı təklif edir. Ancaq Derek Çavin ona rədd cavabı verir. Hadisələrin başlamasından 20 dəqiqə sonra təcili yardım avtomobili gəlir. Corc Floyd isə 8 dəqiqə 46 saniyə nəfəssiz qaldıqdan sonra dünyasını dəyişir.
Bu hadisədən sonra ABŞ Fransa, İngiltərə, Avstraliya və dünyanın bir çox ölkəsində polis zorakılığına qarşı etirazlar başlayır. Hətta, etirazlar səbəbilə ABŞ-ın bir neçə şəhərində komendant saatı tətbiq edilir. Hazırda Floyd qətli ilə bağlı araşdırmalar davam edir.
Ruslan Yusibov