Vətəndaşın ƏDV-sini geri qaytarmırlar: Kimdir günahkar? – Market, vergilər, yoxsa bank… – FOTOFAKT


Vergilər Xidmətinin yaydığı məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara (alıcılara) geri qaytarılıb.
Yeniavaz.com
-a müraciət edən vətəndaşlardan biri bildirir ki, “Araz” marketdən aldığı mallara görə ödədiyi ƏDV geri ödənilməyib.
Şikayətçi şəxs bildirir ki,  6 may 2020 və 8 may 2020-ci il tarixlərində “Binəqədi rayonu 2-ci Mədən Korpus 52” ünvanında yerləşən Araz Marketdən müxtəlif mallar alıb.
“6 may 2020-ci il tarixində aldığım mallar üçün ƏDV ilə birgə 16,82 manat ödəmişəm və kassadan çek almışam. Aldığı çekin “Fiscal İD”si  “Bd2VD4XgLjVV” olub. 9 may 2020-ci il tarixində aldığım mallar üçün isə ƏDV ilə birgə 59,16 manat ödəmişəm və kassadan “Fiscal İD”si “A5HrWJrfV3ux” olan çek almışam. Hər iki çeki 9 may 2020-ci il tarixində “edvgerial.az” portalına yükləmişəm. Bir aydan sonra məlum olub ki, 6 may tarixində alınan çek üzrə ƏDV geri qaytarılıb (portalda “yaşıl rəng”lə işarələnib) 8 may tarixində alınan çek isə ləğv olunub (“qırmızı rəng”).
Bunun səbəbini öyrənmək istəyən alıcı bildirir ki, eyni marketdən, hətta eyni kassadan (Kassa nömrəsi 481) alınan iki çekdən biri ləğv olunub, biri saxlanılıb.
Məlumat üçün bildirək ki, 1 yanvar 2019-cu ildə Vergi Məcəlləsinə edilən əlavəyə uyğun olaraq pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara (alıcılara) geri qaytarılır. Bununla bağlı müvafiq qaydalar isə Azərbaycan Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilib. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir.
ƏDV-nin geri qaytarılması prosesi isə "edvgerial.az" portalı vasitəsilə həyata keçirilir. Alıcı həmin portalda şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrə ilə qeydiyyatdan keçərək alınan malın kassa çekinin üzərindəki tarixdən 90 gün ərzində çekdəki 12 saydan ibarət “Fiskal ID” nömrəsini daxil etməklə çeki sistemə yükləyir.
Alıcının sistemə daxil etdiyi məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
İstehlakçının aldığı malı 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilən kassa çeki "gözləyən" (sarı rəng) statusunda qalır və həmin müddət başa çatdıqdan sonra aktivləşir. Sonradan isə məlumat müvafiq banka göndərilir və sonuncu tərəfindən 30 gün müddətində vəsait istehlakçıya qaytarılır.
İstehlakçı aldığı malı sonradan geri qaytararsa, satıcı həmin çeki sistemdə yoxlayır. İstehlakçıya ƏDV məbləği qaytarılmadıqda ödənilmiş məbləğ tam şəkildə, qaytarıldıqda isə ƏDV məbləği çıxılmaqla qalan məbləğ təqdim olunur.
Yeniavaz.com-a şikayət edən alıcının səsləndirdiyi problemlə bağlı ƏDV-nin qaytarılması prosesində iştirak edən bütün tərəflərdən – “Araz” market, Dövlət Vergi Xidməti və “Kapital Bank”dan məsələyə münasibət bildirmələrini istədik.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən "Araz" marketlər şəbəkəsinin  mətbuat katibi Billurə Əmirova bildirdi ki, alıcının 8 may 2020-ci il tarixində “Araz" marketdən aldığı  672 nömrəli çek sistemdə aktivdir: “Mağaza tərəfdən hər hansısa ləğvetmə olmayıb. Marketə yaxınlaşıb qəbzin kopyasını götürə də bilərsiniz. 3187844128454953 fişin barkodudur. Təklif edirik ki, çekin ləğv olunmasının səbəbini “edvgerial.az” portalından öyrənəsiniz. Qeyd edim ki, market heç bir çeki ləğv edə bilməz. Çek bir halda ləğv edilir. Yalnız müştəri çeklə marketə yaxınlaşıb malını iadə edirsə, həmin satış çeki də qalmaqla sistemə iadə çeki əlavə edilir”.
Məsələ ilə bağlı ƏDV-nin geri qaytarılmasında müvəkkil bank seçilən “Kapital Bank”ın “Məlumat Mərkəzi”nə müraciət etdik. “Kapital Bank”dan bildirdilər ki, onlar yalnız “edvgerial.az” portalının işi ilə bağlı sualları cavablandırırlar: “Əgər qəbz ləğv olunubsa bunun səbəbini Vergilər Xidmətindən öyrənmək lazımdır. “Kapital Bank”a sağlam qəbz gəlirsə biz onun ƏDV-ni geri qaytarırıq. Yox əgər qəbzdə hər hansı bir problem varsa, bu məsələ ilə Vergilər Xidməti məşğul olur”.
Vergilər Xidmətinin “Məlumat Mərkəzi”ndən isə bildirdilər ki, qanunvericilikdə çekin vergi orqanı tərəfindən ləğv olunması halı nəzərdə tutulmayıb.
Onu da bildirək ki, Dövlət Vergi Xidmətindən açıqlanan məlumatda ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (“edvgerial.az”) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınan istifadəçilərdən 194 711-i və ya 74%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər. May ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat “edvgerial.az” portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top