"Baku Steel Company" MMC-nin rəhbəri jurnalisti niyə məhkəməyə verib?


"Baku Steel Company" MMC-nin rəhbəri Rasim Məmmədov internet televiziyası "Reaksiya Media Group" MMC-nin rəhbəri, jurnalist Zaur Qəriboğlunu məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Z. Qəriboğlu rəhbəri olduğu media qurumu vasitəsilə məlumat yayıb. O bildirib ki, buna səbəb özünün aparıcılığında may ayının 27-də  “Bakı Poladtökmə” ASC-nin keçmiş rəhbəri Ramiz Əhmədov və onun hüquqi təmsilçisi Vahid Rəsulovla birgə canlı yayımlanan veriliş olub.  Belə ki, “Ölkə iqtisadiyyatına hücum edən "Koronavirus məmur(lar)" kimlərdir?” sərlövhəli verilişdə Z. Qəriboğlu və qonaqları bir sıra şəxslər və həmçinin Rasim Məmmədov haqqında müxtəlif iddialar səsləndiriblər.
Z. Qəriboğlu bildirib ki, R. Məmmədov onun haqqında Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrini əsas tutaraq məhkəməyə müraciət edib. Bununla bağlı məhkəmədən Z. Qəriboğlunun ünvanına göndərilən bildirişdə, R. Məmmədov görülməmiş böhtanlara məruz qaldığını iddia edib:
“Reaksiya TV” internet televiziyasının “Facebook” sosial şəbəkədə, o cümlədən “youtube” video və sosial şəbəkəsində 27.05.2020-ci il tarixdə “Ölkə iqtisadiyyatına hücum edən “koronavirus məmurlar” kimlərdir?” başlıqlı veriliş birbaşa yayımlanmışdır. Həmin verilişdə özünü keçmiş “Bakı Poladtökmə” ASC-nin baş direktoru kimi qələmə verən Ramiz Əhmədov və hüquqşünası Vahid Rəsulov, o cümlədən verilişin aparıcısı və “Reaksiya TV”nin direktoru Zaur Qəriboğlu mənim şərəf və ləyaqətimi kobud şəkildə təhqir etmiş və alçaltmış, məni görülməmiş böhtanlara məruz qoymuşdur”.
Qeyd edək ki sözügedən iddialarla bağlı məhkəmə iclası 11 iyun 2020-ci il tarixdə, saat 12:00-a təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top