Nazirlik: "Məmməd Quliyevin xəstəxanaya yerləşdirilməsi məsələsi ən qısa zamanda həll olunacaq"


Bir neçə gün əvvəl ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması barədə məlumat vermişdik.
Sözügedən problem Yeniavaz.com tərəfindən işıqlandırıldıqdan sonra Müdafiə  Nazirliyindən məsələyə reaksiya verildi. Belə ki, Nazirliyin nümayəndələri və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimləri 18 il vətənə xidmət etmiş zabit Məmməd Quliyevin evində oldular.
Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov 2013-cü ildə ordu sıralarından tərxis olunan və ağır xəstəlikdən əziyyət çəkən hərbi qulluqçunun ailəsinə maddi yardım və zəruri ərzaq yardımı edib.
Bundan başqa Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən Məmməd Quliyevin ailəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacağı bildirilib.
Məsələni nəzarətdə saxlayaraq zabitin həyat yoldaşı Aytac Quliyevadan mövcud vəziyyəti maraqlandıq. O bildirdi ki, həmin gündən sonra nə zəng vurub maraqlanan, nə də ziyarət edən olub:
“Ayın 8-i gəldilər, video çəkiliş də etdilər. Həkim müayinə etdi, yarasını sarıdı. Yarasını sarıdıqdan sonra dedi evdə müalicə etmək mümkün olmayacaq. Polkovnik Aydın Əyyubov problemin nə olduğunu soruşdu. Mən də ən birinci yoldaşımın xəstəxanaya yatızdırmalı olduğunu dedim. İkinci problemimiz isə ipotekadır. Bizə dedilər ki, bununla bağlı nazir və müavininə məsələni məruzə edəcək və cümə gününə kimi bir xəbər deyəcəklər. Yoldaşımın səhhəti ilə bağlı yardım ediləcəyi deyildi. Bizə 2000 manat məbləğində pul və ərzaq yardımı etdilər. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəklərini deyiblər”.
Məsələni daha ətraflı araşdırmaq üçün Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O bildirdi ki, ailəyə yardım göstərilib, bununla bağlı məlumat da verilib:
“Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən adıçəkilən ailə ilə bağlı qanun çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq. Ehtiyatda olan zabit kapitan Məmməd Quliyevin hospitala yerləşdirilməsi məsələsi həll olunur. Ailə ilə əlaqə saxlanıldı. Məsələ şəxsən cənab nazirin diqqətindədir. Ən qısa zamanda problem həllini tapacaq”. 
Qeyd edək ki, ailəyə ipotekanın həll olması və kapitan Məmməd Quliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəd verilib.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top