Gəncədə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkənin dörd şəhər və bir rayonunda tədbiq olunan sərt karantin rejimi nəticəsində Gəncənin küçələri sükuta qərq olub. Yeniavaz.com xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq aparılan tibbi-profilaktik tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. 
Gəncənin əsas küçə və prospektləri su çiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Gəncə Şəhər Baş Polis İdarəsi də keçirilən genişmiqyaslı dezinfeksiya işlərinə dəstək verib.
Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq həyəta keçirilir və bundan sonra da davam etdiriləcək.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top