Kurslar və tədris mərkəzləri hökumətə - Baş nazirə MÜRACİƏT ETDİ

Azərbaycanda korrnavirusdan ən çox əziyyət çəkən sektorlardan biri  - təhsil-təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri fəaliyyətlərinin bərpa olunması ilə bağlı hökumətə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.

Yeniavaz.com-a göndərilən və bu sektoru təmsil edən 40-dan çox sahibkar və şirkət tərəfindən imzalanan müraciət baş nazir Əli Əsədovla yanaşı, Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədova da ünvanlanıb.

Müraciətdə koronavirus və onun gətirdiyi məhdudlaşma səbəbinndən bu sahədə çalışan sahibkarların və müəllimlərin böyük zərərlə üzləşdiyi qeyd edilir. Təlim-tədris sektorunun nümayəndələri vəziyyəti düzəltmək üçün kursların fəaliyyətinin qismən də olsa bərpa olunmasına, eləcə də sahibkarlar tərəfindən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsini xahiş edilir.

Müraciətdə deyilir:

rmətli cənab Baş Nazir!

          Məlum olduğu kimi, bütün dünyada kütləvi yayılmış yeni növ koronavirus  (COVID-19) pandemiyası ölkəmizə də təsirsiz ötüşmür. Ölkə rəhbərliyi tərəfindən vaxtında yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsində güclü iradə nümayiş etdirdiyi üçün ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

        Bu reallıqdır ki, pandemiya milli iqtisadiyyatlara əhəmiyyətli dərəcədə zərər vurmaqda davam edir və bu zərərin təsiri təbii olaraq, dünya iqtisadiyyatının bir parçası olan ölkəmizdən də yan keçmir. Dövlət tərəfindən həyata keçirilən geniş karantin tədbirləri çərçivəsində qeyri-neft sektorunun əsas aparıcı qüvvəsi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər, təhsil-təlim sektorunun fəaliyyətinə də mənfi təsir göstərib və təəssüf ki, göstərməkdə davam edir. Belə ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi bir sıra qərarlar təhsil-təlim sahəsində kommersiya hüquqi şəxs yaratmaqla və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməklə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin məhdudlaşmasına və daha sonra tamamilə dayanmasına səbəb oldu. Mart ayından etibarən ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilərək təlim və tədris onlayn rejimdə aparılmağa çalışılsa da, təhsilalanlar və təlim iştirakçılarının bu tədris üsuluna öyrəşməməsi, texniki imkanlar və s. səbəblərdən bu cür fəaliyyəti effektiv təşkil etmək mümkün olmadı. Nətiəcədə qeyd edilən sahibkarlıq subyektləri iki aydan çox müddətdə faktiki olaraq fəaliyyətsiz qalaraq, ziyana uğradılar. Hazırda ölkədə sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi yumşaldılmış, bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmişdir. Ancaq təəssüf ki, hələ də təhsil-təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti üçün belə bir imkan yaradılmamış, qeyri-müəyyən bir vəziyyət yaranmışdır. Mövcud problemlərin aradan qaldırılması üçün aşağıdakıları nəzərinizə çatdırmaq istərdik.

İlk öncə bildiririk ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarları arasında bizim üçün qeyri-müəyyən şərh və ziddiyyət mövcuddur.

Birincisi, Operativ Qərargahın 24.04.2020-ci il tarixli qərarına əsasən fərdi tədris və repetitorluq fəaliyyəti bərpa edildi, lakin ümumən həmin fəaliyyətin hansı məhdudiyyətlərlə bərpa edilməsi barədə dəqiq şərh olunmadı, ilk öncə fəaliyyət 10 nəfərdən çox olmayan qruplar ilə bərpa edilməsi bildirilsə də, daha sonra yalnız fərdi şəkildə tədrisə icazə verilməsi barədə məlumat verildi. Ancaq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik vəsaitində fərdi tədris və repetitorluq fəaliyyətinə aid bölmədə göstərilir ki, qeyd olunmuş qaydalar çərçivəsində qrup şəklində tədris mümkündür. Digər tərəfdən təhsil-təlim sektorunda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini, korporativ xidmətlər göstərən təlim şirkətlərini, beynəlxalq əməkdaşlıqlar quran təhsil şirkətlərini “fərdi tədris və repetitorluq fəaliyyəti” adı ilə dar çərçivədə qiymətləndirilməsini və buna uyğun qərarların verilməsini də düzgün hesab etmirik.

            İkincisi, Operativ Qərargah tərəfindən təhsil-tədris fəaliyyətinə dair qərarlar Azərbaycan Respublikasının Təhsil Naziliyi və digər icra hakimiyyəti oraqanlarının nəzdində fəaliyyət göstərən təhsil müəssisələrinə aid edilməklə yanaşı Təhsil Nazirliyindən fəaliyyət göstərməsi üçün hər hansı bir xüsusi razılıq (lisenziya) almayaraq, yalnız  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçərək təhsil-təlim sektorunda kommersiya fəaliyyət ilə məşğul olan hüquqi və fiziki şəxslərə (fərdi sahibkarlara) də şamil edilir. Əslində isə bu kommersiya hüquqi şəxslər və fərdi sahibkarlar təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsindən maliyyələşmir, fəaliyyətlərini öz riski, maliyyə resursları hesabına həyata keçirir və karantin qaydalarından irəli gələn uzunmüddətli məhdudiyyətlərə davam gətirə bilməz. Bu sahədə faəliyyət göstərən sahibkarlıq subyektlərinin yanlış olaraq təhsil müəssisələri kimi qiymətləndirilməsi və təhsil sahəsinə aid qanun və qərarların bu subyektlərə tətbiqi də qeyri-müəyyənlik yaradır.

Üçüncüsü, təhsil və təlim sahəsində fəaliyyət göstərən qeyd etdiyimiz sahibkarlıq subyektlərinin Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və digər subyektlər ilə əmək müqaviləsi əsasında əmək münasibətləri, xidməti müqavilələr əsasında mülki hüquqi münasibətləri və digər hüquqi münasibətləri (icarə, xidmət, büdcə ödənişləri və s.) mövcuddur. Fəaliyyətin bərpa olunmadığına görə qeyd edilən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi təhlükəsi yaranıb. Bu da, öz növbəsində işçilərin kütləvi şəkildə ixtisarı ilə barəbər, digər öhdəliklərin yerinə yetirilməməsinə və daha sonra bu sahədə bir çox sahibkarlıq subyektlərinin müflis olmasına gətirib çıxardar. Nəticədə dövlətimiz üçün işsizlik, iqtisadi aktivliyin aşağı düşməsi və digər mənfi iqtisadi təsirlərə səbəb ola bilər.

        

Hörmətli cənab Baş Nazir!

Sizdən yuxarıda qeyd olunanları nəzərə alaraq  aşağıdakı təkliflər üzrə dəstək və köməklik göstərməyinizi xahiş edirik:

1. Təhsil və təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə hazırda fəaliyyəti bərpa edilmiş iş və xidmət sahələri kimi fəaliyyətinin bərpa edilməsi üçün icazə verilməsi;

2. Təhsil və təlim xidmətlərinin göstərilməsi üçün ən çoxu 10 nəfərdən ibarət olan qruplar şəklində fəaliyyətin təşkilinə icazə verilməsi;

3. Sahibkarlıq subyektləri tərəfindən təklif edilən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsi.

        Məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilən fəaliyyət növlərini Azəbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən pandemiya dövründə qəbul edilən qanun, qayda, prosedur və təlimatlara (“Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik vəsait”, “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”) uyğun həyata keçirilməsinin zəruriliyini qəbul edir və riayət edilməsi üçün müvafiq tədbirlər görəcəyimizə sizi əmin edirik.


 

DİGƏR XƏBƏRLƏR

Top