"Ege Hospital" Mehmanı xəstəxanaya qəbul etməyib? – Xəstəxanadan AÇIQLAMA


Jurnalist Xədicə İsmayıl bloqqer Mehman Hüseynovu "Ege Hospital"a apardıqlarını və xəstəxanadan içəri buraxılmadıqları ilə bağlı iddialar səsləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist “Facebook” hesabında məlumat verib.
Onun sözlərinə görə, xəstəxanada mühafizə xidməti bildirib ki, Mehman bu xəstəxanada yata bilməz: "Dekabrın 27-də Mehman Hüseynovu polis şəhərin mərkəzində saxlayıb, vəhşicəsinə döymüşdü. Ertəsi gün ayağında şiddətli ağrılar dayanmadığı üçün təcili həkimə müraciət etməli olduq. Əvvəldən də damar problemi olduğu üçün qorxmuşduq, çünki onun bir ayağında damarlar tıxanmışdı və zərbələr tam atrofiyaya səbəb ola bilərdi. Daha sonra o, damar cərrahına getdi və trombun təhlükəli vəziyyətdə olduğunu, təcili əməliyyat olunmalı olduğunu dedilər. Dedilər ki, Tiflisə qədər də səyahət edə bilməz. Ertəsi gün mən və bir başqa dostla birgə “Ege Hospital”a getdik, çünki həkim əməliyyatın orada keçiriləcəyini demişdi. Getdik, bizi təhlükəsizlik xidməti qarşıladı, həkimin məzuniyyətə çıxdığını dedi. Dedilər ki, Mehman bu xəstəxanada yata bilməz çünki həkim yoxdur, kənardan da dəvət edə bilmirlər".
Məsələ ilə bağlı “Ege Hospital”la əlaqə saxladıq. Xəstəxanadan Yeniavaz.com-a verilən məlumata görə, sözügedən məsələnin həkim və pasient arasında olduğunu bildirdilər:
"Sözügedən həkim həm bizim klinikada, həm də başqa yerdə çalışır. Bu məsələ həkim və pasient arasında olan bir məsələdir. Burada “Ege Hospital”lıq bir şey yoxdur. Mehmanın digər xəstələrdən nə fərqi var? Əgər həkim xəstəxanada deyilsə, təhlükəsizlik xəstənin məsuliyyətini öz üzərinə götürməməlidir. Bizə müraciət edən bütün xəstələrə, istər Covıd-19 dövründə, istərsə də digər dövrlərdə istisnasız xidmət göstərmişik. Hətta digər qurumlardan daha çox və fasiləsiz işləmişik. Mehman Hüseynov da bizin üçün adi pasientdir. Sadəcə çəkilişə icazə verilməyə bilər. Bu da xəstəxanaların, ümumiyyətlə qurumların seçimidir. Bir tək istisnamız, bu, ola bilər. Digər hallarda pis xəstə seçmirik. Bizim üçün ilk öncə sağlamlıq və məmnuniyyət gəlir, buna görə də belə bir yanaşmamız ola bilməz".
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top