
Xəbər verdiyimiz kimi, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunmuşdu. Mayın 31-dən etibarən isə bu vaxt 08:00-dan 22:00-dək uzadıldı. Lakin internet klubların aqibətinin necə olması ilə bağlı məlumat yoxdur. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədovla əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bununla bağlı hələ ki, bir məlumatın olmadığını və hər şeyin gedişatdan asılı olduğunu qeyd etdi:
“Təbii ki, hökumət istəyir ki, elə bir şərait yaransın ki, hamı işə getsin. Lakin hər şey gedişatdan asılıdır. Ekspertlər hesab etsələr ki, yumşalmalar dərinləşməlidir, o zaman getdikcə dərinləşəcək, yox, əksini desələr yumşaldılma olmayacaq. Yoluxmanın səviyyəsi imkan verərsə növbəti mərhələlərdə bu məsələyə baxıla bilər. Lakin hələ ki, bununla bağlı heç bir bir qərar yoxdur”.
İlahə Hüseynova