Bakıda mağazada gözətçini öldürüb, 40 min manat oğurlayan şəxslər tutuldu


Bakıda mağazada gözətçisini qətlə yetirib, oradan 40 min manat oğurlayan şəxslər tutulub.

İyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun işlədiyi paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış Şöbəsi, Bakı şəhər Baş Polis İdarəsinin Baş Cinayət Axtarış Şöbəsi, Dövlət Yol Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Onların qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top