Təhsil Nazirliyinin qarşında keçirilən aksiya ilə bağlı RƏSMİ AÇIQLAMA


"Bu gün 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-a yaxın media mənsubları Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş etmişlər".
Yeniavaz.com
xəbər verir ki, bu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib.
O bildirib ki, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılmışdır:
"Buna baxmayaraq, Nazirliyə müraciət etmiş 3 tələbə - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunmuşdur. Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli Nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim etmişdir. Bundan əlavə, tələbə Allahverdi Həsənov Nazirlik tərəfindən istifadəyə verilmiş sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat vermişdir.
Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və həmin qərar əsasında ali və orta ixtisas müəssisələri tərəfindən bu tədris ilin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat vermişdir. Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilmişdir. Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanmış, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunmuşdur. Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilmiş, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilmişdir.
Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk etmişdilər".

DİGƏR XƏBƏRLƏR

Top