
“Mayın 28-də ABŞ Prezidenti Donald Trampın imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncam tək dünya mediasında deyil, hətta sosial şəbəkələrdə də çox ciddi müzakirə mövzusuna çevrilib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, sosial şəbəkələrin genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. M. İbrahimqızı sosial şəbəkələrin fəaliyyətinin hüquqi baxımdan tənzimlənməməsinin tək ABŞ deyil, ümumən bütün dövlətlərin milli təhlükəsizliyi üçün bir təhdid olduğunu vurğulayıb: “Biz sosial şəbəkələrin bu aspektdə aparıcı rolunu son on ildə bəzi Afrika və Orta Şərq ölkələrində baş verən, acılarla və faciələrlə yadda qalan müxtəlif “rəngli inqilablar”da gördük. Söz azadlığı adı altında sosial şəbəkələrdən bir vasitə kimi istifadə edilməsinə Misir, Liviya, Suriya və İraqdakı olaylarda şahid olduq. Türkiyədə “Gəzi olayları” da sosial şəbəkələrin xidməti kimi dəyərləndirilir. Elə ona görə də artıq dünyada sosial şəbəkələrin fəaliyyətinin beynəlxalq konvensiyalar və milli qanunvericilik səviyyəsində tənzimlənməsi yönündə təşəbbüs və çağırışlar artmağa başlayıb. Artıq Avropada da bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Artıq hər kəs anlamağa başlayır ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır”.