Kəmaləddin Heydərovun qəzaya düşməsindən DYP-nin niyə xəbəri yoxdur? – AÇIQLAMA


“Hansısa barədə mənim əlimdə məlumat yoxdur, mən bilmirəm söhbət nədən gedir. Hər halda araşdıraram, nədir, nə məsələdir, bilmirəm”.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobilinin qəzaya düşməsi ilə bağlı aparılan araşdırmalar barədə Yeniavaz.com-un verdiyi suala Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov belə cavab verib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bu barədə Yeniavaz.com-a bildirdi ki, məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsindən dəqiqləşdirmək lazımdır:
"Kim araşdırır, ondan dəqiqləşdirin. Bizə məlumatı onlar verirlər, onların məlumatı yoxdursa, mənim haradan məlumatım olsun?".
K. Əliyev yayılan qəza görüntüləri ilə bağlı isə bunları deyib:
"Mən bilmirəm ki, o görüntüdəki kimdir və kimin maşınıdır. Orada hadisə olub. Hadisə ilə bağlı siz məlumat ala bilərsiniz şəhər yol polisindən ki, harada, hansı vaxtda, baş verən qəza nə ilə bağlıdır. Orada maşında kimin olub-olmamasının nə əhəmiyyəti var? Əgər hadisə yerinə yol polisi inspektoru gəlirsə, o sərnişinlərin izahatını almır. Hadisə maddi zərərlə nəticələnən qəzadırsa, yalnız nəqliyyat vasitələrini idarə edən sürücülər barədə məlumat toplanılır. Onların avtomobilində olan sərnişinlər haqqında məlumat toplanmır, vəzifəli şəxs olub-olmamasından asılı olmayaraq”.
K. Əliyev onu da bildirdi ki, bu zaman qəzada iştirak etmiş maşının nömrəsi və hansı dövlət qurumuna aid olması qeyd olunur:
“Qəzada günahın kimdə olduğunu, məsələni araşdıran şəxs deyə bilər”.
Xatırladaq ki, ötən gün ölkə mətbuatında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobilinin qəzaya uğraması barədə iddialar meydana çıxmış, bu gün isə bu məlumatları əks etdirən görüntülər yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top