
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun adı dövlət büdcəsindən bu televiziyaya ayrılan vəsaitlərin mənimsənilməsində hallanır.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı demokrat.az-ın elektron poçtuna sensasiyalı müraciət göndərilib.
Müraciətdə iddia olunur ki, Rövşən Məmmədov bir neçə ay bundan əvvəl yeni studiyaların tikilməsi üçün yüz minlərlə dövlət büdcəsindən pul ayırıb:
Daha sonra qeyd olunur: "Lakin göstərilən məbləğlər absurd idi. Nə qədər pul yeyintisi oldu, onu bədii rəhbər Ranar Musayev, baş prodüser Nazilə Babayeva və sədr bilir.
Nazilı Babayeva vəzifəsindən sui istifadə edərək şirkətə məxsus olan avtomobili mənimsəyib və 7 000 manatdan çox maaş alır. Maaş demişkən, bu gün 3000-dən çox işçinin maaşlarından minimum 100 manat, maksimum 350 manat pul tutublar ki, MTRŞ-ı bizə 8000 manat cərimə tətbiq edib, onu ödəməliyik, büdcədə pul yoxdur. 7000 manat maaş alan N.Babayevanın maaşından isə kəsilməyib.
3000 nəfərin maaşından minimum hesabla 100-150 manatdan kəsiləndə 300 000-450 000 manat pul edir. Bəs bu kəsilən pullar kimin cibinə gedir?!
Bayaq qeyd etdiyim studiyalar yenidən söküləcək və yeniləri inşa ediləcək, yenə yeyinti baş verəcək.
AzTV-də 1 manata belə ehtiyacı olan işçilər var, bu həqiqətdir. Kasıbın haqqına nə qədər göz dikəcəklər?
Kimisi özünə, həyat yoldaşına yeni ev, maşın alacaq, kimisi sevgili saxlayacaq. Bu haqsızlığa nə qədər dözməliyik?
Harasa şikayət eden olanda da həmin şəxsi işdən azad edirlər".
Adını qeyd etməyən şikayətçi sonda mediaya müraciət edib:
"Sizdən bütün köməksiz işçilər adından xahiş edirik ki, bu məsəsləyə biganə yanaşmayın.
Hörmətlə maaşı kəsilən işçi".

Sözügedən ittihamlarla bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a bildirilib ki, televiziyada heç kimin maaşı kəsilmir:
"Açığı, son günlər nəyə görəsə aktivləşən belə yalan və uydurma dolu, anonim yazılara cavab verməyə nə vaxtımız, nə də həvəsimiz var. Çünki insan həqiqəti yazırsa öz imzasını qoymalı, buna ən azından cürəti çatmalıdır. Əvvəla, AzTV kifayət qədər açıq qurumdur və ötən ilin əvvəlində on illlərlə qalıb naftalin iyi verən köhnə studiyaların yeniləri ilə əvəzlənməsi prosesi getdi və 17 yeni studiya tikildi. Həmin studiyalara nə qədər vəsait ayrılıbsa, qəpiyinə qədər hesabatları var. Maraqlanan istənilən şəxs tanış ola bilər.
İkincisi, AzTV-də başda sədr olmaqla heç kimin maaşı 7 min deyil. Kiməsə və ya kimlərəsə yalandan şər atmaq yumşaq desək, ayıbdır.
Maaş kəsiminə gəlincə, AzTV-də heç kimin maaşı kəsilmir. Son bir ildə 80 faiz əməkdaşın maaş və qonorarında artım olub. Amma TV-dən azacıq anlaşıyı olan hər kəs gözəl bilir ki, burada maaş və qonorar sistemi var. Hansısa veriliş getməyibsə, həmin kollektivin üzvlərinə qonorar yazmağın özü qanunsuzluqdur. Əslində, yaşı 60-dan yuxarı olan və karantin səbəbindən evdə qalan əməkdaşlarımızın qonorarında yaranmış gecikmə də bununla bağlıdır. Həmin adamlar qonorar alacaq. Amma bunun düzgün formasını düşünmək lazımdır ki, bu istiqamətdə də iş gedir. Bir sözlə, AzTV artıq sosial müdafiə mərkəzi deyil. Kim çalışırsa, TV-yə xeyri dəyirsə onun qarşılığında maaş və qonorar alır. Kim boş və mənasız yerə TV-yə gəlməklə gününü keçirmək və maaş almaq barədə düşünürsə, necə ki, illərlə belə olub, nə qədər anonim məktub yazsa da xeyri olmayacaq.
Bu gün AzTV dəyişir. Yeni struktur, kadr islahatları həyata keçirilir, TV-nin simasi dəyişir. Belə olan halda köhnəliyin qalığı olan və ömrü boyu danos yazmaqla maəşğul olan binəvalar bu yolda bizə əngəl ola bilməz".
Tətbiqimizi yükləyə bilərsiniz