Goranboy RİH-nin binasında nə baş verir? - Döyülmə iddiası - RƏSMİ AÇIQLAMA - VİDEO


Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı iddialar yer alıb. Həmin məlumatlarda Verdiyev Arzunun döyülüb təhqir edildikdən sonra binanın pəncərəsindən atıldığı və bu səbəblə onun müxtəlif cür bədən xəsarəti aldıqları bildirilir.
Yeniavaz.com xəbər verir ki, Verdiyev Arzu sosial şəbəkə vasitəsilə yaydığı məlumatda mayın 13-də yerli sakin Musayev Eldarla birlikdə icra başçısının qəbuluna getdiyini ancaq, orada icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən təhqir edilərək döyüldüyünü iddia edib:
"İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar"
Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinə müraciət etdik.
İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən açıqlamda hadisənin şər-böhtan xarakterli olduğu və Verdiyev Arzunun binanın birinci mərtəbəsindən özü-özünü atdığı bildirilib:
"Mayın 13-də RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına etiraz ediblər. Daha sonra onlar RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlədərək, qəbulun keçirilməsinə maneçilik törətməklə təxribata cəhd ediblər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır"
İcra Hakimiyyətindən bildirildi ki, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev haqqında çoxsaylı şikayətlər ediblər. Araşdırma zamanı qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5 hektarını, onu təhdid edərək əlindən aldığı məlum olub.
"O həmçinin, qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkmiş, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkmişdir. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb etmiş və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkmişdir. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən  RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top