Azərbaycanda koronavirusa görə istifadə edilən testlər hara istehsalıdır? – TƏBİB AÇIQLADI


Məlum olduğu kimi, Azərbaycanda da artıq bir müddətdir ki, koronavirusun müayinəsində testdən istifadə olunur. Son məlumata görə ölkədə ümumilikdə 214 291 nəfər testdən keçirilib. Bəs bu testlər hansı ölkə istehsalıdır? Keyfiyyəti qənaətbəxşdirmi? Hansı halda testlər səhv nəticə göstərə bilir?

Yeniavaz.com xəbər verir ki, mövzu ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Yeni Müsavat”a ölkəmizə gətirilən testlərin Almaniyanın “Qiagen” şirkətindən alındığını və bu testlərin çox keyfiyyətli olduğunu bildirib.

Rəvanə Əliyeva qeyd etdi ki, bu günə qədər həmin testlərlə bağlı heç bir narazılıq olmayıb: “Alınan testlərin keyfiyyəti ilə bağlı bu günə qədər heç bir problem yaranmayıb. Bəzən mətbuat orqanlarında Azərbaycandakı testlərin Çindən gətirildiyi barədə informasiyalar yayılır. Azərbaycan Çindən test almır və bununla bağlı yayılan məlumatlar əsassız və yalandır”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə isə bəzən yoluxmanı müayinə etmək üçün istifadə edilən testlərdə xətalar baş verə bilər. Bu, götürülən yaxmanın az və çoxluğundan aslı ola bilir: “Neqativ  çıxan test sonra pozitiv çıxa bilər. Amma pozitiv çıxan testin nəticəsi neqativ çıxa bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top