“İdeal”ın sahibindən inanılmaz AÇIQLAMA: “Məni həbs edərək şirkətimi əlimdən aldılar” - VİDEO


Azərbaycanın aparıcı banklarından biri olan “Premium Bank”ın (keçmiş "Silk Vey Bank" ASC”) adı saxta kredit müqaviləsi hazırlamaqda, bank rəhbərliyində təmsil olunan şəxslərin adı isə başqasına məxsus şirkəti zorla ələ keçirməkdə hallanır.
Yeniavaz.com xəbər verir ki, belə bir iddia ilə ölkə ərazisində onlarla mağazaya sahib olan “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov çıxış edib.
İlqar İsmayılov bildirib ki, “Premium bank” onun adına 5 milyon manat dəyərində saxta kredit müqaviləsi hazırlayıb və bu kredit müqaviləsini ona qarşı təzyiq vasitəsi kimi istifadə edərək mağzalar şəbəkəsini əlindən alıblar.
İş adamının sözlərinə görə, o, “İdeal” mağazalar şəbəkəsini 1999-cu ildə təsis edib və 2011-ci ilin noyabr ayına kimi onun tək sahibi olub.
İlqar İsmayılov bildirir ki, 2011-ci ilin noyabr ayında “Premium bank”ın rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər və bu təklifi qəbul edib, “İdeal” mağazalar şəbəkəsinin 50%-ni onlara satıb.
İş adamı qeyd edir ki, 2015-ci ildən başlayaraq “Premium bank”ın rəhbərliyində olan şəxslər ona təzyiqlər edərək şirkətdəki qalan payını da onlara satmağını istəyiblər.
İsmayılov bildirir ki, 2013-cü ildə “Premium bank”dan götürdüyü kreditin şərtlərin ondan xəbərsiz dəyişdirilib: “Manatla götürdüyüm kredit dollara çevrilib. “İdeal” mağazalar şəbəkəsindəki payımı girov olaraq göstəriblər. Həmçinin ödəniş qrafikini dəyişdiriblər. Daha sonra kredit borcunu hər ay 250 min manat olmaqla 10 ay ərzində ödəməyimi tələb etdilər”.
İş adamı deyir ki, bu təzyiqlərdən sonra məcbur olub ona məxsus olan 50%-lik payın yarısını da onlara satıb. 

“İdeal” mağazalar şəbəkəsinin qurucusu İlqar İsmayılov

“Bundan sonra – 2017-ci ilin fevral ayının 3-də “Premium bank” rəhbərliyi mənim adıma 5 milyon manatlıq saxta kredit müqaviləsi hazırlayıb və guya mən bankdan 5 milyon manat kredit götürmüşəm”, - deyən iş adamının sözlərinə görə, Moskvaya işgüzar səfərə gedən zaman məni hava limanında təyyarədən endirdilər: "Mərkəzləşmiş Kredit Reyestrinə müraciət edərək adına kredit olub olmadığını öyrənmək istədim. Fevralın 7-də Mərkəzləşmiş Kredit Reyestrindən cavab verildi ki, adıma kredit yoxdur. 2017-ci ilin iyun ayında məni korrupsiya ittihamı ilə həbs etdilər”.
İlqar İsmayılov deyir ki, həbsdə olduğu müddətdə “Premium bank”ın İdarə heyətinin sədri Elçin Əhmədov ona təzyiqlər edərək “İdeal”dakı sonuncu 25%-lik payını da onlara satmağı tələb edib və bildirib ki, əks halda buradan çıxa bilməyəcəksən.
Məcburiyyət qarşısında qalıb qarşı tərəfin vəkili Məharət Hüseynliyə 25%-lik pay üzrə etibarnamə verdiyini deyən iş adamının sözlərinə görə, həmin pay 800 min manat qarşılığında “Premium bank”ın İdarə heyətinin sədri Elçin Əhmədova satılıb: “Sənəddə mənə məxsus 25%-lik payın 800 min manata satıldığı göstərilsə də, həmin vəsaitdən mənə heç nə çatmayıb”.  

“Premium bank”ın İdarə heyətinin sədri Elçin Əhmədov

Qeyd edək ki, iş adamının səsləndirdiyi ittihamlarla bağlı “Premium bank”ın hüquqşünası Gültəkin Məmmədovun fed.az-a açıqlamasında bildirilir ki, sözügedən kredit müqaviləsi həqiqətən də mövcud olub və bununla bağlı bütün sənədlər indiyədək İ.İsmayılovun şikayət etdiyi qurumlara təqdim edilib. Bank da məhkəməyə müraciət etməyi məsləhət görüb: “Məhkəməyə müraciət etmək hər bir şəxsin, o cümlədən də İ.İsmayılovun konstitusion hüququdur”.
Məsələ ilə bağlı yeniavaz.com-a danışan İlqar İsamayılov bildirdi ki, artıq ona qarşı edilən qanunsuzluqlarla bağlı məhkəməyə müraciət edilib. 
“Premium Bank”ın sahibi kimdir?
Məlumat üçün bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. 
Qeyd edək ki, bankın əsas səhmdarı “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.

“Premium Bank”ın əsas səhmdarı (84,48%) Zərifə Həmzəyeva 

Bankın Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya aiddir. Səhimlərin 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur. Zərifə Həmzəyevaya eyni zamanda nizamnamə kapitalı 18 milyon 750 min manat olan “Gazelli Group” MMC-nin qanuni təmsilçisidir.
Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
  







A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top