10 yaşlı Yusifin anasının fəryadı: "Bizə yardım edin"


Mingəçevir şəhər sakini 10 yaşlı Yusifin ayaq üstə durması üçün imkanlı şəxslərə ehtiyacı var. Yusif anadan doğulanda həkimlərin məsuliyyətsizliyi ucbatından bu gün nə yerimir, nə eşitmir, nə də danışmır. Həkimlər ona beyin iflici diaqnozu qoyublar. Atası uşaq şikəst olduğu üçün ananın üstünə atıb Rusiyaya qaçıb. Eyni zamanda alimentdən də boyun qaçırır. Yusifin anası İradə xanım deyir ki, dəfələrlə aliment üçün məhkəməyə müraciət edib:
“Gözümün ağı –qarası bircə balam var. Doğuşdan bu uşaq şikəst edildi. Həyat yoldaşım mənə şikəst uşaq lazım deyil deyib bizi atıb Rusiyaya getdi. Biz  kirayələrdə yaşamağa məcbur qaldıq. Yoldaşımın nə atası, nə də anası bu günə qədər bu şikəst uşağa yaxın durmadılar. Mən Yusifi qoyub heç yerə işləmək üçün gedə bilmirəm. Hər gün 4 bez dəyişməli oluram. Müalicə üçün bütün xəstəxanaları gəzdirmişəm həkimlər deyib ki, istəsəniz Amerikaya aparın müalicələrin heç bir xeyri yoxdur. Yalnız  onun yeməyi, bezi, bir də gəzə bilmədiyi üçün yerdə sürünür, bütün paltarları cırılır. Tək köməksiz ana üçün bunları almaq çətindir. İmkanlı şəxslərdən kömək istəyirəm. Həyatda ən böyük varlığım Yusifdir. Mən onu nə uşaq evinə verə bilmədim, nə də ata bilmədim. Artıq 10 yaşı var qollarımda onu götürüb qaldırmağa gücüm çatmır. Amma anayam, hər əzaba qatlanıram. Bir neçə dəfə Yusifi qonşuya qoyub iş dalınca getdim. Gələndə o, uşağın mənə sarılıb yalvarışlı baxışlarını unuda bilmirəm. Evdə kimsənin yanında qoyub heç yerə gedə də bilmirəm. Bircə onu deyirəm ki, kaş bircə dəfə Yusif mənə ana deyə bilərdi. Gəncliyimi Yusifə bağladım amma ondan ana kəlməsini eşitmədim”.
Allah heç bir ananı İradə xanım kimi duruma salmasın, biz bir saat onun evində olduq, bu ananın nə çəkdiyinin şahidi olduq. İmkanlı şəxslər bu gözəl savab ayında bu ailəyə yardım əllərini uzatsalar Allaha xoş gedər. İradə xanım onu da bildirib ki, aliment üçün məhkəməyə müraciət etsə də məhkəmədən ona bildiriblər ki, Rusiyadan onun keçmiş həyat yoldaşını tapa bilmirlər.
Ünvan: Mingəçevir şəhər, 20 Yanvar 15 mənzil 23. Tel: 050-728-15-11. Məmmədzadə İradə.
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top