Quranda blokçeyn texnologiyasından bəhs olunurmu?


Artıq ayaq səslərini eşitməyə başladığımız yeni bir texnologiya, yeni bir anlayış həyatımıza daxil olur. Önümüzdəki illərdə bunun həyatımıza böyük təsir göstərəcəyinə dair bir çox əlamət var. Bilmirəm bu yeni texnologiya internetin həyatımıza daxil olduğu kimi özünü hiss etdirmədən, yavaş-yavaş və on illiyə yayılaraq baş verəcək, yoxsa daha sürətlə və daha fərqli şəkildə?.. Ancaq onu bilirik ki, bu texnologiyanın ayaq səsləri artıq eşidilir.
Yeniavaz.com
blokçeyn texnologiyası barədə yazını təqdim edir. Bu texnologiya əsasən internetlə müqayisə olunur. Dünya üçün internet nə deməkdirsə, blokçeyn texnologiyasının da bundan sonra internetin yerinə keçəcəyi təxmin edilir. Tədqiqatçılar blokçeyn texnologiyasında internet anlayışını dəyişdirə biləcək potensialın olduğunu da qeyd edirlər.
Mətbəənin kəşfi və çap alətlərinin ortaya çıxması insanların bilgi ehtiyacının qarşılanmasında böyük xidmətlər göstərmişdi. Daha sonra baş verən sənaye inqilabı isə insanların güc ehtiyacını qarşılayacaqdı. İnternetin həyatımıza daxil olması ilə də məsafələrin yaratdığı problemlər yavaş-yavaş aradan qalxdı və bu proses bu gün də davam edir. Blokçeyn texnologiyasının isə əsasən insanların güvən ehtiyacını həll edəcəyi gözlənilir. Hər bir şəhərdə, hər bir ölkədə müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsini icra edən notariuslar fəaliyyət göstərir. Blokçeyn texnologiyasının isə bütün dünyanın notariusu olacağı deyilir.
Görəsən bu necə baş verəcək? Həmçinin bu kimi köklü yeniliklər, dövlətlərin və bəşər övladının həyatına ciddi təsir edə biləcək bu kimi texnologiyalar, bunların əsas məğzi və mahiyyəti haqqında Quran ayələrində bu və ya digər işarələr varmı?
Onu deyim ki, bu yazının qələmə alınma məqsədi blokçeyn texnologiyası haqqında dini bir cəvaz qapısı tapmaq, ya da dinən bunun doğru olub-olmadığını söyləmək deyil. Bu ayrıca bir mövzu olaraq işlənə, ya da bu haqda verilən dini görüş və fətvalara baxmaq olar. Bu yazıda əsasən blokçeyn texnologiyasının ortaya çıxma səbəblərindən bəlkə də ən birincisi olan bilginin qorunmasındakı güvənlik problemi və bu haqdakı bir Quran ayəsini müqayisəli təhlil etməkdir.
Gəlin əvvəlcə blokçeyn texnologiyasının nə olub, nə olmadığına nəzər salaq. Satoşi Nakamoto taxma adındakı “sirli” bir kodlaşdırma mütəxəssisi blokçeyn texnologiyasını ilk dəfə 2008-ci ildə dünyaya tanıtdı. Blokçeyn notarius, bank və s. kimi bir çox vasitəçi qurumları aradan qaldıran, bitkoyn və başqa kriptovalyuta sistemlərindən istifadə edən və rəqəmsal dünyada saxtakarlığa, müəllif haqlarının tapdanmasına son qoyan inqilabi bir texnologiyadır.

Məlumat bazasının dünya üzrə bütün komputerlərdə paylanmış formada olması blokçeyni xakerlər tərəfindən demək olar ki, qırılmaz edir. Çünki xakerlərin öz məqsədlərinə çatması üçün şəbəkədə olan bütün kompüterlərdəki məlumat bazası nüsxələrinə eyni anda giriş əldə etmələri lazımdır ki, blokçeyn texnologiyasında bu, texniki olaraq mümkün deyil. Bu texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədikləri əməliyyatları həyata keçirə bilərlər.
Blokçeyn dedikdə hər hansı bir məlumat və ya əməliyyatın kriptoqrafik yazıldığı format başa düşülür. Sadə dildə belə tərif vermək olar: Blokçeyn məlumat və ya əməliyatların onlayn rejimdə qeydiyyatı jurnalıdır. Blokçeyn daxilində hər bir kod (34 simvoldan ibarət) unikaldır və kopyalana bilməz. Blokçeyn texnologiyasının əsas və danılmaz üstünlüyü elektron məlumatlar toplusunun, informasiya resurslarının mərkəzləşdirilmiş bir yerdə saxlanmamasıdır. O, bütün dünya üzrə bir neçə yüz, hətta min kompüter arasında bölüşdürülüb.
Mərkəzləşdirlilmiş reyesterin olmaması o deməkdir ki, blokçeyndə istifadəçilər arasında bir-birinə etibar etmələrinə ehtiyac belə yoxdur. İstənilən məlumat və ya əməliyyat avtomatik olaraq şəbəkədə qeydiyyata alınır və hər bir istifadəçi rahat şəkildə verilənlər bazasında bütün məlumatlara baxa bilər. Həmçinin sizin kompyuter zədələnərsə və ya xaker hücümuna məruz qalarsa, narahat olmağa dəyməz. Çünki blokçeynin verilənlər bazası bütün istifadəçilər arasında var. Eyni vaxtda isə bütün kompyuter şəbəkəsinin sıradan çıxması da mümkün deyil.

Blokçeynin özünü də internetin bir icadı hesab etmək olar. Lakin blokçeynin tətbiqini gecikdirən əsas amil qanunvericilik, huquqi bazanın olmamasıdır. Bu da çox hallarda qeyri-müəyyənlik yaradır. Texnologiya tam etibar qazanması üçün müəyyən standartlara (əsasən dövlət) uyğun olmalıdır.
Blokçeyn texnologiyasının elektron səsvermə, əşyaların interneti, smart müqavilələr, müəllif hüquqlarının qorunması, təchizat zəncirinin təşkili, notarius xidməti, daşınmaz əmlak, maliyyə xidmətləri, media, nəqliyyat, təhsil, səhiyyə, turizm və İT sektorunda real tətbiqi pilot layihələr çərçivəsində artıq 2017-ci ilin əvvəlindən başlanılıb.
Nədənsə blokçeyn haqqında oxuyanda ağlıma ilkin olaraq Bəqərə surəsinin 282-ci ayəsi gəlir. İnsanlığın yeni bir kəşfi olan blokçeyn texnologiyası ilə Bəqərə surəsinin 282-ci ayəsi arasında müəyyən paralelliklər görmək olar. Blokçeyn texnologiyasının əsas xüsusiyyətlərindən birinin dünyanın və bütün insanlığın notariusu olacağı ilə bağlı görüşlərdir. Bəqərə surəsinin 282-ci ayəsində də notarius sisteminə bənzəyən bir sistemdən bəhs edilmiş və bunun faydaları anladılmışdır.
Gəlin əvvəla bəzi suallara cavab tapaq... Həyatda qarşımıza çıxan hər bir şeyin Quranda keçib-keçmədiyinə nəzər yetirməliyikmi? Həyatımıza daxil olan hər hansı yeniliyə, elmi kəşfə Quranda təmas edilibmi? Qeyd edim ki, bu və ya digər hansısa bir texnoloji yeniliyi ortaya qoyan insanların bunu o qədər də Quran ayələrinə baxaraq ortaya qoyduqlarını demək olmaz. Bu kəşfləri, yenilikləri edənlər heç müsəlman olmaya da bilərlər. Bəs bu halda necə olur ki, hansısa kəşf və ixtira ilə bağlı Qurandan bir ayə, dəlil və ya işarə ilə qarşılaşırıq? Kimiləri bunu müsəlmanların hər şeyi “dinləşdirməsi”, ya da müsəlmanların düşdüyü geridə qalmışlıq kompleksi ilə əlaqələndirə bilər. Ancaq burada başqa amildən, misal üçün məhz Quran amilindən danışmaq lazım gəlir.

Quran ayələri bütün dövrlərdəki hər insan və cəmiyyətə səslənir. Bu minvalla Quran ayələrində hər bir dövrdə yaşayan və hər səviyyədən insanın başa düşəcəyi məna genişliyi və əhatəlilik var. Uca Yaradanın əzəli kəlamı olan Quranın yalnız bir əsr və dövrdəki və yalnız bir növ insan kütləsinə deyil, əksinə bütün zaman və dövrlərdəki hər bir insana, bütün bəşər övladına səslənməsi qədər təbii bir şey ola bilməz.
Quran, hüquq sistemi hələ fomalaşmamış, insanlar arasındakı münasibətlərin hüquq əsasında deyil, adət və ənənələrin formalaşdırdığı, qəbilə həyat tərzinin davam etdiyi bir cəmiyyətə hüquq və mədəniyyət bəxş etmişdir. Bu İlahi Kitab ilk endiyi cəmiyyətin qəbilə həyat tərzini, bir hüquq anlayışına görə yenidən tənzimləmişdir. Bəqərə surəsinin 282-ci ayəsində müsəlman cəmiyyətindəki hüquqi aktlardan biri haqqında geniş söhbət açılır.
Ayədə belə buyurulur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın!..” (Bəqərə, 2/282). Bu ayədə borc alıb-verəndə insan yaddaşına deyil, yazılı bir sənədə etimad edilməsi buyurulmuşdur. Sonrakı dövrdə borcun ödənməməsi və ya inkar edilməsi hallarında alacaqlının haqqını qoruyacaq olan şifahi söz deyil, yazı və sənəddir. Borcun yazılması gələcəkdə ortaya çıxa biləcək bu və ya digər problemlə bağlı hüquqi zəmində işlərin aparılmasına və haqsızlığın qarşısının alınmasına kömək edir. Notarius sisteminin əsasını qoyan həmin ayələrdə (Bəqərə, 2/282-283) borc verildikdən sonra meydana gələ biləcək mübahisəli vəziyyətlərin önünü kəsmə məqsədi daşıyır.

Bir şəxsin götürdüyü borcunu inkar etməsi, ya da araya uzun vaxt girdiyi üçün borcun miqdarını, nə vaxt qaytaracağını unutması ehtimallarına görə Quran ayəsində bu əmrlər bildirilmişdir. Borc verən bir şəxsin əlində yazılı bir sənəd, şahid, ya da borc qarşılığında girov qoyulan dəyərli bir əşya kimi maddi bir sübutu yoxdursa, bəzi borcluların öz borclarını inkar etmə ehtimalı yaranır. Əgər ortada konkret bir sənəd və sübut olsa, borclu şəxs belə bir iddia ilə borcunu inkar edə bilməz.
Borc verən şəxs alacağı miqdarı yazdıranda və şahid tutanda verdiyi borcdan daha artığını istəyə bilməz, həmçinin vaxtı gəlmədən əvvəl borcunu istəməkdən çəkinər. Borclu olan şəxs də borcun yazıldığını və şahidlərin varlığını bildiyi üçün götürdüyü borcu inkar etməkdən çəkinər, borcunu vaxtında ödəməyə çalışar. Borcun yazılması və şahid tutulmasında bu kimi faydaların olduğunu görürük.
Bugünkü adı ilə notarius sistemi hələ bilinmədiyi halda insan haqq və hüquqlarını qorumaq, haqsızlığın qarşısını almaq üçün İslamın gətirdiyi bir çox əsaslardan biri də məhz Bəqərə surəsinin 282-283-cü ayələrində buyurulan borcların yazılması məsələsidir. Roma hüququnda bugünkü mənada notarius sistemi yox idi. Ancaq belə bir sistemə ehtiyac duyulmuş və xüsusi səlahiyyətlər verilən katiblər vasitəsilə bu işlər icra edilmişdir. Demək olar ki, hüquq tarixində notarius sisteminin ilk dəfə əsasını qoyan, əsas mövzusunu təyin edən, ona rəsmiyyət qazandıran İslam dini olmuşdur.
İnsan haqlarını, cəmiyyət içindəki fərdlərin qarşılıqlı güvən içərisində iş görə bilmələrini təmin edən notarius sistemi (Osmanlıda “Katibi-Adi”) tarix boyunca bir çox haqsızlıqların, mübahisəli məsələlərin, hiylə qarışmış alqı-satqıların qarşısını almış, zəif və gücsüzləri qorumuşdur.

Qurana görə mal-mülk və sərvət mütləq mənada bəyənilməyən bir şey olsaydı, borc alıb-vermədə onun yazılmasına gərək qalmazdı. Halbuki ayədə: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda onu yazın!..” (Bəqərə, 2/282) buyurulur. Bu ayə mal və sərvətin öz-özlüyündə Allah qatında bəyənilməyən bir şey olmadığına dəlalət edir. Bu ayə İslamın ümumiyyətlə insanların iqtisadi həyatına önəm verdiyini göstərir.
Nəticə olaraq qeyd edək ki, blokçeyn texnologiyası ilə borcların yazılması ilə bağlı ayənin (Bəqərə, 2/282-283) mövzusu arasında əsas bənzərlik qarşılıqlı güvən mühitinin formalaşdırılması ilə bağlıdır. Ayədə borcun yazılması, bu əməliyyatın şahidlər hüzurunda aparılması buyurulmuşdur. Blokçeyn texnologiyasında isə borc alıb-vermə, ya da bunun kimi ağıla gələ biləcək bütün yazışma və sənədlər iki şahid hüzurunda deyil, bəlkə də yüzminlərlə şahid hökmünə keçə biləcək bütün komputerlərdə eyni anda saxlandığı üçün ayədə bizdən istənən şərtlər də bir mənada gerçəkləşmiş olur.
Onu da qeyd edək ki, dindarlıq və təqva anlayışı, borcun yazılaraq sənədləşdirilməsinə əngəl deyil, əksinə insan haqq və hüquqları üçün ən böyük zəmanət Cənab Allaha (c.c) bağlılıq və Onun (c.c) əmrlərinə riayət etmək olan din və təqva duyğusudur. Bu duyğu olmayanda digər bəlgə və sənədlərin bir sübut kimi təsir gücü hər zaman çox məhdud qalacaq.

Qeyd: Yazının hazırlanmasında aşağıdakı qaynaqlardan istifadə edilmişdir.
https://www.hurriyet.com.tr/yazarlar/ozcan-cikmaz/blockchain-teknolojisi-noter-ve-bankalarin-yerini-aliyor-40419565
http://www.islamiyontem.net/kitaplar/turkce%20tefsir/tefsirkulliyati/index.htm
https://az.wikipedia.org/wiki/Blok%C3%A7eyn
https://islamansiklopedisi.org.tr/noter
https://kriptoinvest.az/2018/01/12/blockchain-texnologiyasi/

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top