Ermənilərdən Xocalı ilə bağlı inanılmaz təxribat - BMT-ni də özlərinə alət etdilər - FOTOFAKT


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin "xarici işlər nazirliyi" adından Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi veb-səhifəsinə - “www.un.org”-a Xocalı soyqırımını təhrif edən məlumat yerləşdirilib.
Yeniavaz.com
 xəbər verir ki, Ermənistan Respublikasının BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən BMT-nin Baş katibinə təqdim olunan və daha sonra da qurumun rəsmi veb-səhifəsində yerləşdirilən memoranduma əlavədə (“non paper”) Azərbaycan əleyhinə ciddi ittihamlar yer alıb.
"Artsax respublikasının xarici işlər nazirliyi" adından yazılan mətndə qeyd olunur ki, 27 fevral 1992-ci ildə ermənilərin Xocalıya hücum etməsində məqsəd, paytaxt Stepanakerti (Xankəndi) mühasirədən çıxartmaq olub. Memoranduma əlavədə iddia edilir ki, Xocalı şəhərindən Stepanakertə davamlı atəş açılıb və 13 fevral tarixindən sonra şəhərdə 243 nəfər ölüb. Seperatçılar yazırlar ki, güya Xocalı aeroportu azərbaycanlıların nəzarətində olduğuna görə şəhərdə aclıq yaşanıb və buna görə də məcbur olub Xocalını ələ keçiriblər. İddia edirlər ki, Xocalıya hücumdan əvvəl xəbərdarlıq olunub və mülkü əhalinin şəhərdən çıxması üçün humanitar dəhliz açılıb.
Memoranduma əlavədə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 1992-ci ilin aprel ayında "Nezavisimaya qazeta"ya verdiyi müsahibəyə toxunaraq qeyd olunur ki, Xocalıda öldürülənlərin ermənilərlə əlaqəsi yoxdur. Sənəddə həmçinin yazılır ki, hadisələri lentə alan Çingiz Musafayev “əsl həqiqətləri” bildiyi üçün qısa müddət sonra müəmmalı şəraitdə ölüb. Eyni zamanada jurnalist Eynulla Fətullayevin həbs olunmasını da Xocalı hadisələri barədə səsləndirdiyi “həqiqətlər” ilə əlaqələndirirlər.
Onu da qeyd edək ki, bu "Artsax respublikasının xarici işlər nazirliyi" adından yazılan və BMT-nin rəsmi veb-səhifəsinə yerləşdirilən ilk sənəd deyil. Əvvəllər də bu cür yalan və iftiralarla dolu mətnləri  BMT-nin rəsmi veb-səhifəsinə yerləşdiriblər. Məsələn, 2018-ci ildə "Azərbaycan-Qarabağ münaqişəsi kontekstində itkin düşmüş şəxslər haqqında memorandum" adlı sənəd, 2019-cu ildə “BMT-nin irəli sürdüyü və 2030-cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçiriləmsi barədə  "Artsax Respublikası"nın hesabatı” adlı sənəd BMT-nin rəsmi veb-səhifəsinə yerləşdirilib. Sonuncu sənəddə olduğu kimi, əvvəlki sənədlərdə də Azərbaycana qarşı ağır ittihamlar irəli sürülüb. Məlumat üçün onu da qeyd edək ki, daha əvvəl seperatçı rejim adından BMT-nin rəsmi veb-səhifəsinə yerləşdirilən sənədlərlə bağlı Azərbaycan XİN tərəfindən açıqlama verilib. Azərbaycan XİN-dən bildirilib ki, Ermənistan tərəfinin BMT çərçivəsində etdiyi təxribata cavab olaraq Azərbaycanın BMT yanında Nümayəndəliyi BMT Baş katibinə etiraz məktubu ünvanlayıb.
Ancaq "Artsax respublikasının xarici işlər nazirliyi" adından yazılan və BMT-nin rəsmi veb-səhifəsinə yerləşdirilən sonuncu sənəd onu göstərir ki, Azərbaycanın BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə ünvanladığı etiraz məktubları heç bir işə yaramayıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top