Məhkəmə DTX-nın həbs etdiyi məmurla bağlı qərar verdi

Rüşvətdə ittiham olunan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, M. Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə şikayət təmin olunmayıb.

Qeyd edəki, aprelin 28-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Əhmədov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumat yayıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında DTX və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

Fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top