Məcburi köçkün ailəsi 10 ildən çoxdur qazanxananın həyətində qalır - VİDEO


4 nəfərlik ailə 10 ildən çoxdur Nizami rayonu İsmayıl Məmmədov küçəsi 74 saylı qazanxananın həyətindəki daxmaya bənzər yerdə yaşayır.
Ağdam rayonundan məcburi köçkün olan Məmmədovlar ailəsinin poblemi təkcə bununla kifayətlənmir. Onları narahat edən məsələlərdən biri də 5 il əvvəl böyrək köçürmə əməliyyatı olan qızlarının şəraitsizlikdən sağlam yaşaya bilməməsidir.
Onlar problemlə bağlı 2 ildən çoxdur Qaçqınkoma müraciət etsələr də heç bir nəticə əldə etmədiklərini deyirlər.
Sözügedən məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, yeni qəsəbə istifadəyə verilən zaman qeyd edilən ünvanda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə mərhələli şəkildə baxılacaq:
“Ağdam rayonundan məcburi kökçün Məmmədov Qurban Hümbət oğlu əvvəlcə Bərdə rayonunda, daha sonra Bakı şəhərinin Nizami rayonunda İsmayıl Məmmədov küçəsindəki qazanxananın həyətində müvəqqəti məskunlaşıb. Hazırda həmin ünvanda 10 məcburi kökçün ailəsi müvəqqəti qeydiyyatdadır. Sosial müdafiə baxımından Qurban Məmmədovun ailə üzvünün hər biri 60 manat məbləğinda vahid aylıq müavinət alır. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti ilə birlikdə yığcam məskunlaşma yerlərində məcburi köçkünlərin yaşayış şəraitini diqqətdə saxlayır. Məcburi kökçün ailələrinə yeni yaşayış sahələrinin verilməsi mərhələli şəkildə həyata keçirilir. Ən ağır və qəzalı şəraitdə olan tikililərdə yaşayan məcburi köçkün ailələri yeni mənzillə birinci növbədə təmin edilir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı yol xəritəsində 2020-2024-cü illərdə ağır vəziyyətdə yaşayan 24 minə yaxın məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub. Məcburi köçkümlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbə istifadəyə verilən zaman qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin də köçürülməsinə qanunauyğun formada baxıla bilər”.

İlhamə Kələyeva, İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top