Səlahiyyətləri əlindən alınan “AGBank” ASC-nin işçiləri Prezidentə müraciət etdi


Bu yaxınlarda səlahiyyətləri əlindən alınan “AGBank” ASC-nin işçiləri Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevaya müraciət ediblər.
Yeniavaz.com
xəbər verir ki, onlar sözügedən müraciətdə “AGBank” ASC-nin səlahiyyətlərinin geri qaytarılması üçün Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevadan köməklik istədiklərini bildiriblər:
“Sizə müraciətimizin səbəbi, “AGBank” ASC-nin fəaliyyətində yaranmış çətinliklə bağlıdır. Sizin dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirik.
1992-ci ildən fəaliyyət göstərən “AGBank” ASC hər zaman Azərbaycan Respublikasının siyasətini dəstəkləmiş və hər zaman sizin qayğınızı hiss etmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, mövcud rəhbərlik altında fəaliyyətimizi davam etdirmək üçün sizdən köməklik istəyirik. “AGBank” ASC böyük bir ailədir, yüzlərlə bankımızın əməkdaşları ailələri ilə birlikdə qazanc yerinin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Demək olar ki, bütün əməkdaşlar, ipoteka krediti xətti ilə ev sahibi olmuşdur, aldıqları əmək haqqı ilə ailələrin gündəlik tələbatlarını ödəməklə yanaşı eyni zamanda həmin kreditlərin ödənişini də həyata keçirirlər. “AGBank” ASC-nin fəaliyyətinin dayandırılması əməkdaşların hər birinin iş yerlərini itirməkləri ilə  yanaşı eyni zamanda evsiz qalmaqları deməkdir. Bankın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər. Bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub, onlar işçilərinin maaşlarını, dövlət ödənişlərini ödəyə bilmirlər. Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir. Bu məsələyə xahiş edirik diqqət yetirəsiniz”.
Qeyd edək ki,  “AGBank” ASC içiləri eyni zamanda bankın səlahiyyətlərinin geri alınması və daha az insanın işsiz qalması üçün imza kampaniyası başladıb. http://chng.it/XVkVhtJc
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.

DİGƏR XƏBƏRLƏR

Top