Orucu nə pozar, nə pozmaz? – TAM SİYAHI


- Oruc tutan yeməz, içməz, boğazından bir şey keçirməz.
- Oruc sübh namazının girmə anından başlayır. (Hər il Ramazan gələndə xüsusi cədvəllər hazırlanır. O cədvəllərdə orucun başlama (imsaq) və qurtarma (iftar) vaxtı aydın göstərilir.)
- Oruc tutan siqaret çəkməz, saqqız çeynəməz.
- Cinsi əlaqə orucu pozar.
- Hamilə və əmzikli qadınlar sonradan qəza etmək şərti ilə ramazanda oruc tutmaya bilərlər.
- Aybaşısı olan və yeni doğmuş  qadınlar sonradan qəza etmək şərti ilə ramazanda oruc tutmaya bilərlər.
- Oruc tutan iynə vurdurmaz. (iftardan sonra iynə vurdurmaq olar, amma gündüz orucluq zamanı vurulan iynə orucu pozar)
- Ağızdakı tüpürcəyi udmaq orucu pozmaz.
- Unudaraq nəsə yemək və ya içmək orucu pozmaz. Oruc olduğunuzu xatırladığınız andaca yeməyi və ya içməyi dayandırın, ağzınızdakı loxmanı udmadan geri qaytarın və orucunuza davam edin.
- Oruc tutan ağzını yaxalaya bilər, duş qəbul edə bilər, amma ağzını yuyanda hər hansı pastadan istifadə eləmək məsləhət görülmür. Çünki bütün pastalar istər-istəməz ağıza uzunmüddətli dad buraxır. Ağzınızı yaxalayanda yaxşı olar ki, yüngülcə qarqara edəsiniz və əlinizlə dişinizi sürtəsiniz. İftardan sonra dişlərinizi istədiyiniz qədər fırça ilə sürtə bilərsiniz.
- İftarı çörəklə də açmaq olar, su ilə də, meyvə ilə də. Amma Peyğəmbərimizdən gələn adətə görə xurma, zeytun, bunlardan heç biri olmadıqda isə su ilə açmaq daha faydalıdır.
- Sahura (el arasında bu vaxta obaşdan deyirlər) qalxmaqda fayda var. Peyğəmbərimiz buyurub ki, bir qurtum su üçün də olsa sahura qalxın. Sahura qalxmasanız da oruc tuta bilərsiniz, amma bir az yorğun olarsınız.
- Oruc zamanı kosmetika və ya ətriyyatdan istifadə etmək olar. Amma gərək hər şey müəyyən ölçüdə olsun. Dodağa həddən artıq pamada sürtüb sonra da onu udmaq təbii ki, orucu pozar.
- Burun seliyini çəkib udmaq orucu pozmaz.
- Dişlərin arasında qalmış kiçik qırıntılar udularsa orucu pozmaz. Amma bir şeyi ağızdan çıxarıb təkrar ağıza qoyaraq udmaq orucu pozar.
- İynə vurdurmaq, qulağa, buruna dərman tökmək orucu pozar, qulağa dolan su pozar.
- Gözə tökülən dərman orucu pozmaz.
- Uşaqları öpmək orucu pozmaz. Amma bu heç də o demək deyil ki, uşağın ağzının-burnunun suyunu yalayıb udasan, bu halda oruc pozular.
Allah ibadətlərinizi qəbul eləsin!

Ramazan  bərəkəti
Ramazan orucu İslamın 5 şərtindən biridir. Ramazan orucunun bir çox hikmətləri var: Allahın (c.c.) böyüklüyünü dərk etmək, insanın ictimai və şəxsi həyatını nizamlamaq, nəfsini tərbiyə etmək və Allahın (c.c.) verdiyi nemətləri dərk edib şükr etmək və s.
Biz Ramazan orucu vasitəsi ilə Allahın (c.c.) böyüklüyünü  belə dərk etməliyik: Allah-Təala yer üzünü bitmək, tükənmək bilməyən sonsuz nemətlərlə zəngin süfrə şəklində yaradıb. Və bununla Allah (c.c.) öz böyüklüyünü, Rəhmaniyyətini və Rəhimiyyətini insanlara bildirir. Ancaq insanlar qəflətə dalıb, hər şeyi səbəblərə bağlayaraq, o həqiqətin ifadə etdiyi mənanı dərk edə bilmirlər, bəzən unudurlar. Bu mübarək ayda imanlı insanlar, intizamlı bir ordu kimi Sultani-Əzəlin ziyafətinə dəvət edilmiş surətdə və gün batanda “Süfrəyə buyurun” əmrini gözləməklə böyük bir ibadət şəklini göstərirlər. Allahın bu şəfqətli, ehtişamlı və əzəmətli Rəhmaniyyətinə qarşı bu böyük və intizamlı ibadət şəkli ilə şükrlərini ifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top