Eyni nömrəyə iki fərqli şəxs üçün 190 manatın təyin olunması ilə bağlı SMS gəldi – Nazirlik məsələyə aydınlıq gətirdi


Pandemiya ilə əlaqədar olaraq işsiz kimi müraciətlərin vaxtı dayandırılsa da birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam etdirilir. Müraciətlər arasında ən çox səhvə yol vermə halları isə vətəndaşların  yanlış nömrə qeyd etmələri ilə bağlıdır.
Belə ki, Yeniavaz.com-a müraciət edən C.S adlı şəxs “online müraciət” zamanı qeyd etdiyi telefon nömrəsinə iki SMS-in gəldiyini bildirdi. Onun sözlərinə görə, 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı SMS-in biri öz adına, digəri isə Babayeva Fədayə Əliyar qızı adına gəlib. Belə olduğu zaman vətəndaş hara müraciət etməlidir?
Məsələ ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bunun digər vətəndaşın nömrə səhvinə yol verməsi nəticəsində baş verdiyini bildirdi:
“Məsələ ilə bağlı 142 çağrı mərkəzinə zəng edərək məlumat verə bilər ki, bu şəxs nömrədə yanlışlığa yol verib. Buna görə də 190 manatla bağlı SMS onun nömrəsinə gəlib. Bu zaman həmin vətəndaş müəyyənləşdirilərək ona məlumat veriləcək. Həmin şəxs o pulu götürməyənədək isə vəsait öz adına qalacaq”.
Fazil Talıblı eyni zamanda həmin şəxsin (Babayeva Fədayə Əliyar qızı) SMS-i göstərmədən tək şəxsiyyət vəsiqəsi ilə 190 manatı rahatlıqla ala biləcəyini də qeyd etdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top