Oruc tutan zaman baş ağrıları niyə yaranır? - Bunları etməklə qarşısını ala bilərsiniz


Ramazanda uzun müddət aclıq və susuzluq, həmçinin sağlam qidalanma qaydalarına əməl edilməməsi baş ağrısına səbəb ola bilər. Baş ağrısından ən çox əziyyət çəkənlər isə miqren xəstəliyi olan şəxslərdir. Bəs bu zaman nə etməli? Oruc tutan zamanı yaranan baş ağrısı hansı yolla və necə keçə bilər? 
Miqrendən əziyyət çəkənlər, xüsusən də imsaka oyanmayanlar baş ağrıları ilə tez-tez rastlaşırlar. Ağrı yüngül və ya orta ağır olsa da, gündəlik fəaliyyətə çox təsir edir. Oruc tutarkən isə ağrıkəsici dərmanların istifadə edilə bilməməsi çətinliklər yaradır. Acıbadem Beynəlxalq Xəstəxanasından nevrologiya mütəxəssisi Haluk Caneroğlu, hər kəsin ortaq nöqtəsi olan baş ağrıların hansı yolla qarşısını ala biləcəyinizi sadalayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən mütəxəssis tövsiyələrini təqdim edir:

Yüngül qidalardan başlayın
- İftar yeməyinizi qan təzyiqinizi yüksəltməyəcək şorbalar və salatlar kimi yüngül, az yağlı və yüksək lifli qidalarla başlayın. Məsələn, iftarı şorba ilə açın və 15 dəqiqədən sonra əsas yeməyə keçin. Əsasən də mədəni ağırlaşdırmayacaq qidalar yeyin.

Bol-bol su için
- Bədən susuzlaşdıqda, stresslə əlaqəli hormonlar artır. Bu, damarların daralmasına və baş ağrısına səbəb olur. Baş ağrısının qarşısını almaq üçün bol-bol su içməklə bədəninizi su ilə təmin edin.

İmsakın ​​son saatlarında yeyin
- Miqren xəstələri bütün gün qidalanmadan ac qalırlarsa, aclıq səbəbiylə miqren ağrıları arta bilər. Bunun səbəbi, aclıq və susuzluğun bədəndə yüksək təzyiqə səbəb ola biləcək stress yaratmasıdır. Şiddətli baş ağrıları qan təzyiqinin yüksəlməsi səbəbindən də baş verə bilər. Beləliklə, özünüzü baş ağrısından qorumaq üçün imsaka qalxın və uzun müddət ac qalmamaq üçün son saatlarda yemək yeyin.

Zülal tərkibli qidalara üstünlük verin
- İmsakda şəkərli qidalar istehlak etmək əvəzinə, proteinlə zəngin olanlara üstünlük verin. Zülal qidalarına üstünlük vermək doyma müddətini artırır və yeyilən şəkərli qidalar isə metabolizmanı sürətləndirir.

Miqren üçün təhlükəli qidalardan uzaq durun
- Fıstıq, əncir, qatıq və pendir kimi süd məhsulları miqrenə səbəb olur, onlardan uzaq durmalısınız. Onun yerinə yumurta yemək daha faydalıdır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top