Səfirlik: 149 vətəndaşımız Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yola salındı - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə qayıtmaq üçün qeydiyyata düşmüş 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfər BƏƏ-nin “Flydubai” kommersiya aviaşirkətinin təyyarəsi ilə aprelin 28-də Bakıya yola salınıb.

Onlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Azərbaycana yola salınmış vətəndaşlarımızdan ən ciddi ehtiyacı olan 75 nəfər martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın “Hampton by Hilton” otelində yerləşdirilib. Onlar gündə iki dəfə yeməklə təmin olunublar.

Dubay Beynəlxalq Hava Limanından Azərbaycana yola düşən vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin vaxtlarda onlara göstərdikləri diqqət və qayğıya, həmçinin Vətənə qayıtmalarına yaratdıqları imkana görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu Vətənə yola düşən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alaraq, Dubay Beynəlxalq Hava Limanında onların qeydiyyat prosesinin sürətləndirilməsi və maneəsiz keçmələri üçün yerli qurumlarla sıx əməkdaşlıq edib.

Həmçinin, BƏƏ-nin müvafiq dövlət orqanları vətəndaşlarımızın təxliyyəsi prosesində səfirliyə və Dubaydakı Baş Konsulluğumuza hərtərəfli yardım edib. Vətəndaşlarımız təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər.


DİGƏR XƏBƏRLƏR

Top