Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür


Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 100 il keçir.

Yeniavaz.com xəbər verir ki, 1920-ci il aprelin 27-də Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılıb. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil edilib.

Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verilib. Bolşeviklər bu məsələdə də hiylə işlədiblər - bəyan olunub ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

Cümhuriyyət Parlamentinin 27 aprel saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb.
Milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M. Ə. Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb.

Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlarda, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 100 il əvvəl Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.

Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı.

Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

DİGƏR XƏBƏRLƏR

Top