Direktorun işdən çıxardığı kitabxna müdiri: "Deyir ki, nazir mənim dostumdur, heç kim mənə heç nə edə bilməz" - VİDEO


“Samir müəllimin bir sözü vardı ki, “nazir mənim dostumdur, heç kim mənə heç nə edə bilməz”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri, 27 il kitabxana müdiri vəzifəsində işlədiyi Bakı şəhər Yasaml rayonunda yerləşən 286 saylı orta məktəbdən, təhsil müəssisənin direktoru Samir Mehdizadə tərəfindən haqsız yerə çıxarıldığını iddia edən Təranə Mahmudova deyir. O iddia edir ki, məktəb direktorunun dövlət tərəfindən verilən 807 təzə dərsliyi mənimsəməsinə icazə vermədiyi üçün, ona tələ qurub və işdən çıxarıb:
“27 il ərzində müdriyyət tərəfindən mənə nə yazılı, nə də şifahi töhmət verilməyib, qanunsuzluğum olmayıb. Lakin məktəbimizə yeni direktor təyin edilmiş Samir Mehdizadə 2016-cı ildə dövlət tərəfindən verilən dərsliklərin büdcəsindən bir gecədə 807 dərslik mənimsəmişdi. Səhər mən işə gedəndə Samir Mehdizadə məndən məsul şəxs kimi qaimə-fakturaya imza çəkməyimi tələb etdi. Mən buna etiraz etdim, çünki 807 ədəd dərslik, 807 şagirdin kitabsız qalmağı demək idi. Bundan sonra bizim aramızda nifaq başladı. Samir müəllim hər dəqiqə, hər an məni təhqir edirdi, söz deyirdi, mən də yola verirdim. 2016-cı ilin fevral-mart ayları ərəfəsində Samir müəllim yenə məni yanına çağırdı və dedi ki, icra hakimiyyəti tərəfindən maklatura yığılır. Maklatura - köhnə, yararsız dərsliklərin yenidən xammala təhvil verilməsi prosesidir. Mən də onunla razılaşdım ki, həmin kitabları verəcəyik və aktlaşdıracağıq. Samir müəllim dedi ki, oradan qəbz alaram, verərəm, sonra akt bağlıyarıq. Lakin kitabları aldıqdan sonra Samir müəllimin münasibəti dəyişdi. Başa düşdüm ki, bu, çəkmədiyim imzaya görə mənə qurulmuş tələdir. Sonra özü kitabxanaya yoxlama saldı. Təbii ki, Samir müəllimin götürdüyü həmin 2012-ci il nəşri olan kitablar əksik çıxdı. Həmin kitabların dövriyyə müddəti 4 ildir. Mənim verdiyim kitablar da kisələrə yığılıb, boş otaqlarda saxlanılan kitablar idi. Həmin kitabların qiyməti hesablandı və 1700 manat çıxdı. Samir müəllim bu rəqəmi 10-a vuraraq məndən 17 min manat pul tələb etdi. Məndə də bu pul olmadığına görə, Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət xanımın qəbuluna getdim. O, qərəzli şəkildə məni qəbul etdi və dedi ki, gəl, əl-ayağımıza düş, bizə yalvar, get evini sat, maşınını sat o pulu bizə ver, qal yerində işlə”.

(286 saylı orta məktəbin direktoru Samir Mehdizadə)

T. Mahmudova iddia edir ki, bankdan kredit götürüb 1000 manat təklif etsə də direktor bu pulu qəbul etməyib və onu məhkəməyə verib. O bildiri ki, məhkəmədən bəraət alsa da, S. Mehdizadə onu işdən çıxarıb:
“Banka getdim, 170 manat maaş aldığım üçün mənə 1000 manat pul verdilər. Bu pulu götürüb Samir müəllimin yanına gəldim. O bu pulu qəbul etmədi və məni məhkəməyə verərək, 17 min manat tələb etdi. Mən həmin o beş kisə kitabı verərkən, beş nəfərlə akt bağlamışdım. Onları məhkəməyə dəlil kimi təqdim etdim və bəraət aldım. Lakin yenə də Samir müəllim öz vəzifəsindən sui-istifadə edərək məni yaxına buraxmadı. Hara şikayət etsəm də xeyri olmadı. Samir müəllimin bir sözü vardı ki, “nazir mənim dostumdur, heç kim mənə heç nə edə bilməz”. 
T. Mahmudova iddia edir ki, S. Mehdizadə onu əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas tutuaraq işdən çıxardığı üçün heç yerdə işə girə bilmir:
“Samir müəllim məni işdən əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas tutaraq çıxardığı üçün mən heç yerdə işləyə də bilmirəm. Özüm işləmirəm və şəkərli diabet xəstəsiyəm, yoldaşım pensiya alır, mən nə etməliyəm?! Ona görə də aidiyyatı qurumlardan mənə işimə bərpa olmaqda kömək etmələrini istəyirəm”. 
Qeyd edək ki, əmək məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” adlı 70-ci maddəsinin “ç” bəndi belədir:
“İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”.
Təhsil Nazirliyindən Yeniavaz.com-a açıqlama verildi və bildirildi ki, məsələ araşdırılır.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top