İcra Hakimiyyətinin 389 min manatlıq tender MÜƏMMASI


Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən 3 müxtəlif tenderin qalibi eyni şəxs olub.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınan “Vertex Marketing” və “Bertfon SS” şirkətləri olub. Hər iki şirkətin qanuni təmsilçisi eyni şəxs - Hüseynov Faiq Cümşüd oğludur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən ümumilikdə 388 min 688 manat dəyırində tender udan “Vertex Marketing” və “Bertfon SS” şirktləri 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 13 MKR, ev 47, m 18 olub. Nizamnamə kapitalları cəmi 10 manat olan bu şirkətlərin qanuni təmsilçisi Hüseynov Faiq Cümşüd oğludur.
“Dövlət Satınalmaları Haqqında” Qanunun 25-ci maddəsinin 1-ci bəndində  qeyd olunur ki, “Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü əvvəl elan olunmalıdır”.
Maraqlıdır ki, 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətlər cəmi bir ay sonra 18.04.2020-ci il tarixində tenderin qalibi elan olunublar.
Dövlət qeydiyyatına alınan kimi 388 min 688 manatlıq tender udan şirkətlərin hansı peşəkarlığa sahib olduqları da başqa bir müəmma olaraq qalır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı...
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top