Hansı ölkədə mətbuat nə qədər azaddır? – Ölkələrin SİYAHISI


Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2020-ci il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2020") adlı yeni hesabatını açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 2 pillə pisləşib. Ötən il 180 ölkə arasında 166-cı sırada yer alan Azərbaycan bu il 168-ci sıraya geriləyib. Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:
0-15 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("ağ"),
15-25 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı"),
25-35 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" ("narıncı"),
35-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" (qırmızı"),
55-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("qara")
Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2020-ci ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2019-ci il hesabatında 59,1 bal toplayan Azərbaycanın bu il 58,1 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız İran (173-cü yer) və Türkmənistanda (179-cu yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Estoniya (14-cü yer), Latviya (22-ci yer), Litva (28-ci yer) və Gürcüstanda (60-cı yer) qeydə alınıb. Ermənistan 61-ci yer, Qırğızıstan 82-ci yer, Moldova 91-ci yer, Ukrayna 96-cı yer, Rusiya 149-cu yer, Belarus 153-cü yer, Türkiyə 154-cü yer, Özbəkistan 156-cı yer, Qazaxıstan 157-ci yer, Tacikistan 161-ci yer.
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Finlandiya, Danimarka, İsveç və Niderlanda məxsus olub. Ən pis vəziyyət isə Şimali Koreya, Türkmənistan, Eritreya, Çin və Cibutidə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top