Neftin kəskin ucuzlaşması manatın məzənnəsi və yanacaq qiymətlərinə necə təsir edəcək? – Ekspertdən AÇIQLAMA


Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması barədə xəbər vermişdik. Bəs görəsən iqtisadiyyatımızın əsasını təşkil edən qara qızılın dəyərdən düşməsi ölkəmizə, onun milli valyutasına və neft məhsullarının qiymətinə necə təsir göstərəcək?

Mövzu bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu aydan başlayaraq ÜDM-in və xarici ticarətdə mənfi saldonun yaranmasının şahidi olacağıq:
“Azərbaycanın bütün makroiqtisadi göstəriciləri, xarici ticarəti, icmal büdcənin formalaşması, neft fondunun büdcəsi – hamısı neftdən asılıdır. Yəni xarici ticarət balansımızdan tutmuş ÜDM-in artım tempinə qədər hər yerdə neftin ciddi payı var. Əgər xarici ticarətimiz 90 faiz neftdən, neft məhsulları və təbii qazdan asılıdırsa, təbii ki, bu da təsirsiz ötüşməyəcək. Neftin qiymətinin düşməsi həm də təbii qaza təsir edir, onun və neft məhsullarının qiyməti aşağı düşür. Azərbaycanın tədiyyə balansına, valyuta daxilolmalarına ciddi mənfi təsiri olacaq. Çox güman ki, ÜDM-in azalması daha da sürətlənəcək. Biz birinci rübün bəzi nəticələrini gördük. Hələ o qədər də ciddi problem yox idi orada. Çünki birinci rübdə Azərbaycan neftinin ortalama qiyməti təqribən 58 dollar idi. Hətta büdcədə də nəzərdə tutulanın üzərində idi. Əsas problem ikinci rübdə olacaq. Aprel ayında həm dünyadakı neft qiymətlərinin kəskin ucuzlaşması, həm də real “spot bazarı” ilə “fyuçers bazarı” arasındakı fərq bunu deməyə imkan verir. Bu gün Azərbaycan nefti Aralıq dənizi hövzəsində “brent” markalı neftdən daha ucuz satılır. Halbuki həmişə əksinə olub. Burada indi Azərbaycan nefti təqribən 14-15 dollara satılır. Bunun da Azərbaycan iqtisadiyyatına - makroiqtisadi göstəricilərə, xarici ticarət dövriyyəsinə ciddi təsirləri olacaq. Təəssüf ki, ÜDM-in kəskin şəkildə aşağı düşməsinin şahidi olacağıq. Aprel ayından başlayaraq xarici ticarətdə də mənfi saldonun yaranmasının şahidi olacağıq”.
Ekspert bildirib ki, karantin rejimi bitdikdən sonra manat devalvasiyaya uğraya bilər:
“Məntiqlə təbii ki, manatın ucuzlaşması olmalıdır. Amma bizdə manatın məzənnəsi inzibatı qərarla olur. Yəni bazar iqtisadiyyatı qanunları manatın məzənnəsində işləmir. Karantin dönəmində manatın məzənnəsi ilə bağlı hər hansı bir qərarın veriləcəyini düşünmürəm. Onsuz da iqtisadiyyatda çox ciddi problemlər var və sosial problemlərin də artdığını görürük. İndiki dönəmdə manatla bağlı Mərkəzi Bank və hökumət ciddi qərarlar almaz. Amma karantin rejimi bitdikdən sonra iqtisadiyyatın çarxları yavaş-yavaş da olsa dönməyə başlayanda, əgər neft qiymətləri indiki kimi 20-25 dollar civarında uzun müddət qalsa, məcburən bəzi addımların atılması qaçılmaz olacaq və manatın məzənnəsi ilə bağlı Mərkəzi Bank rəsmi qərarını verəcək”.
Natiq Cəfərli SOCAR-ın gəlirlərinin kəskin azalması ilə əlaqədar daxildə yanacaq qiymətlərinin ucuzlaşacağına inanmadığını bildirib:
“Neftin ucuzlaşması “premium” markalı benzinə təsir edə bilər. Çünki ən azından “premium” markalı benzin Azərbaycanda bazar tərəfindən qiymətləndirilməməlidir. Ölkəyə cəmi bir şirkət “premium” markalı benzin gətirir. Ona görə də rəqabət olmadığı üçün qiymətin ucuzlaşmasını görməyəcəyik. O ki qaldı 92 markalı benzinə və dizel yanacağa, hansılar ki, Azərbaycanda ən çox işlədilən yanacaq növləridir. Bunların da qiyməti dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə bu da inzibati qərarla həll oluna bilər. Yəni bazar iqtisadiyyatı qanunları burada da işləmir. Məntiqlə təbii ki, qiymət düşməlidir. Amma indiki dövrdə neft qiymətləri ilə əlaqədar SOCAR-ın da gəlirlərinin kəskin azaldığını düşünsək, daxili bazarda da qiymət endiriminə getsə SOCAR-ın maddi vəziyyəti daha da ağırlaşa bilər. Ona görə də ola bilər ki, daxili bazarda ciddi endirim olmasın”.
Şahmərdan Əhmədli
 

DİGƏR XƏBƏRLƏR

Top