Neftin qiyməti niyə kəskin düşdü?


“Bu ilin sonuna kimi neft qiymətlərinin çox kəskin ucuz səviyyələrdə qalması ehtimalı yüksəkdir”. 
Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşıb. 
 Ekspert bildirib ki, neftin qiymətinin kəskin enməsi iki səbəblə bağlıdır:  “Birincisi, bu gün Amerikanın yüngül markalı WTI neftinin may ayının fyuçerslərinin satışının son günüdür. Ona görə də fyuçersləri əlində olan trederlər tezliklə may fyuçerslərini satmaqda maraqlıdırlar. Çünki artıq dünyanın may ayında karantindən çıxma ehtimalı sıfırlandı. Dünyada 4 milyard insan karantin rejimində yaşayır və deməli, neftə olan istehlak ən azından artmayacaq. Hətta trederlər saxlama və daşınma xərclərini də öz ciblərindən verməyə hazırdırlar. Çünki nefti saxlamağa yer yoxdur”.

N.Cəfərli eyni zamanda dünyada bu gün neft istehsalı 100 milyon bareldirsə, istehlakının 70 milyona düşdüyünü qeyd edib: “Yəni, hər gün 30 milyon barel artıq neft yaranıb. Bunu yığmağa tankerlər çatışmır. Buna görə də neftin qiymətində kəskin enmələr müşahidə olunur və çox güman ki, bu proses dalğa-dalğa hələ davam edəcək. Bu həftə də neft istehlakında yenə 10 milyon aşağı düşmə ehtimalı var.  Yəni, istehsal olunan 100 milyon neftin 40 milyonu istehlak olunmayacaq. Bunu da yığmaq üçün əlavə rezervuarlara ehtiyac var. Buna görə də problemlər yaranır. Hətta post-pandemiya dövründə də, may ayından sonra neftin qiymətində bahalaşmanın olması ehtimalı indiki şəraiti sıfırlayır. İqtisadi çarxlar dönməyə başlasa belə, bir müddət ucuz nefti yığıb rezervuarlarda saxlamış şirkətlər və neftayırma zavodları o ucuz neftdən istifadə edəcəklər. Yenə istehsal olunan neftin artıqlığı yaranacaq. Ona görə də ən azı bu ilin sonuna kimi neft qiymətlərinin çox kəskin ucuz səviyyələrdə qalması ehtimalı yüksəkdir. Ən yaxşı halda neft qiymətinin 25-30 dollar civarında olması gözlənilir”.

Qeyd edək ki, ABŞ-ın WTI markalı neftinin may fyuçerslərinin qiyməti kəskin ucuzlaşaraq 1 bareli 2,21 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top