Bu ölkələr karantin qaydalarını yüngülləşdirdilər - SİYAHI


Avropada yeni növ koronavirus səbəbi ilə ölənlərin sayı 100 mini keçsə də, epidemiyanın ən çox təsir etdiyi ölkələrdə, xüsusilə İtaliya və İspaniyada virusa yoluxma faktı azalmaqda davam edir.  Koronavirusa yoluxma faktının azalmasına görə artıq bəzi ölkələr karantin qaydalarını mərhələli şəkildə yüngülləşdirməyə başlayıb.
Yeniavaz.com
sözügedən ölkələrin siyahısını təqdim edir:
Bu gündən etibarən Almaniyada 800 kvadratmetrdən çox qapalı sahəsi olan müəssisələrin açılmasına icazə verilib. Avtomobil satıcıları, velosiped və kitab mağazaları yenidən işə başlayıb. Lakin, idman zalları, restoranlar və barlar hələ də bağlı olaraq qalmaqdadır. Hökumət əhaliyə maska taxmağın hələ də vacib olduğunu qeyd edib.
Çexiyada hökumətin tətbiq etdiyi beş mərhələli məhdudiyyət bu gündən etibarən yüngülləşdirilməyə başlanılıb. Belə ki, avtomobil satış yerləri və bazarların fəaliyyətinə icazə verilib. Eyni zamanda peşəkar idmançılar yenidən idman məşqlərinə dava edə biləcəklər. 10 nəfər olmaq şərti ilə toy keçirilməsinə icazə verilib. Bundan əlavə vətəndaşlar yenidən xarici səfərlərə gedə bilərlər. Lakin geri döndükləri zaman iki həftə karantində qalmaları tələb olunur.
Qeyd edək ki, aprelin 27-dən etibarən  ölkədə qapalı sahəsi 200 kvadratmetr olan mağazaların açılmasına icazə veriləcək.
Polşada parklar və meşə əraziləri ziyarətçilər üçün yenidən açılıb. İki metr sosial məsafəni saxlamaq şərti ilə açıq havada idman qaçışlarına icazə verilib. Eni 100 kvadrat metrdən az olan qapalı müəssisələr yenidən fəaliyyətə başlayıb. Bununla birlikdə dörd nəfərdən artıq insanın kassa önündə dayanması qadağan edilib. 100 kvadrat metrdən çox olan müəssisələr və kilsələrdə isə hər 15 kvadrat metrdə bir nəfər dayana bilər.
Norveçdə uşaq bağçaları və sağlamlıq klinikaları fəaliyyətə başlayıb. Lakin, uşaqların öz oyuncaqlarını bağçaya gətirməsinə icazə verilmir və işçilərə uşaqları mümkün oluğu qədər açıq havada saxlamaları bildirilib. Eyni zamanda 27 aprel tarixindən etibarən məktəblər və universitetlərin açılacağı qeyd olunub.
İspaniyada bəzi fabriklərin istehsalata qayıtmasına və tikinti yerlərin fəaliyyətə başlamasına icazə verilib.  Ofis işçiləri isə evdən işləməyə davam edir, alış-veriş  mağazaları, kafe və restoranlar hələ də bağlıdır. Yoluxma faktı artmağa doğru getməzsə mayın 3-də karantin müddəti başa çatacaq.
İtaliyada bəzi yerlərdə kitab mağazaları, dəftərxana ləvazimatları, uşaq geyimləri satan mağazalar yenidən açılıb. İT sektorunda olan şirkətlər də fəaliyyətə başlayıb.  Karantin müddətinin bitmə tarixi isə 4 maydır.
Avstriyada parklar və kiçik mağazalar yenidən açılıb. Bununla birlikdə, maska və sosial məsafənin qorunması tələb edilib. Mayın 1-dən etibarən isə böyük mağazalar, bərbərlər və gözəllik salonların açılması planlaşdırılır. Restoranların isə may ayının ortalarında açılması gözlənilir.
Danimarkada uşaq bağçaları və ibtidai sinif məktəbləri yenidən açılıb. Restoran və kafelər isə hələ də bağlıdır. 10-dan çox insanın iştirak etdiyi iclaslar da mayın 10-dək qadağan olaraq qalmaqdadır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top