Şəxsiyyət vəsiqəsinin dəyişilməməsi 190 manatı almaq üçün əngəldir? - NAZİRLİKDƏN AÇIQLAMA


Şəxsiyyət vəsiqəsini dəyişmədiyinə görə bəzi vətəndaşlar koronavirusa görə verilən 190 manat birdəfəlik ödənişi ala bilmədiklərini bildirirlər.
Bu barədə Yeniavaz.com-a vətəndaşların müraciəti daxil olub.
Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini dəyişmədikləri üçün boşanan adamlarda hələ də "evli", evlənən vətəndaşlarda isə "subay" məlumatı qeyd olunub.
Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Yeniavaz.com-a açıqlama verib: 
“Birdəfəlik ödəmə üçün müraciət edilən elektron sosial portalda əgər boşanmış vətəndaşdırsa, şəxsiyyət vəsiqəsi dəyişməyibsə, ondan yoldaşının məlumatları istənilmir. Şəxs sadəcə boşandığı barədə məlumatı qeyd etməlidir. Hüququ varsa da 190 manat birdəfəlik müavinət ödənilir. Müraciət edən şəxslərin vəsiqələrini dəyişməməsi ödənişi almaq üçün məhdudiyyət deyil.”

Asan Xidmətin mətbuat katibi Elnur Niftəliyev isə bildirib ki, Asan Xidmət mərkəzləri xüsusi rejimdə fəaliyyət göstərir və ən zəruri hallarda sənəd qəbulu həyata keçirir: “Vətəndaşlar sözügedən məsələsi ilə bağlı saat 09:00-dan 108 çağrı mərkəzi ilə əlaqə saxlaya bilər və məsələni aydınlaşdıra bilər. Qeyd edim ki, vətəndaş qəbulu ən zəruri hallarda həyata keçirilir”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top