Pandemiya dövründə oruc tutmaq kimlər üçün risklidir? - Həkimdən AÇIQLAMA


Dünyada sürətlə yayılan COVID-19 pandemiyası insanların yaşam tərzlərinə təsir edib. Koronavirusa görə, bir çox xalqın adət-ənənələri təxirə salınıb. Hazırda bu məsələ müsəlman dünyası üçün də aktualdır. Belə ki, bir neçə gündən sonra Ramazan ayı olacaq. Bu ayda İslam dininin vacib şərtlərindən biri də oruc tutmaqdır. Bəs pandemiya dövründə oruc tutmaq insan orqanizm üçün təhlükəli ola bilərmi?
Bu barədə terapevt Həbib Sahratov Yeniavaz.com-a açıqlama verib:
“Pandemiya dövründə oruc tutmaq sağlam insanlar üçün heç bir təhlükə yaratmır. Yəni insan sağlamdırsa, ürək, tənəffüs fəaliyyətində və yaxud hər hansı xroniki xəstəliyi yoxdursa, oruc tutmaq sağlamlıq üçün problem yaratmaz. Xroniki xəstəliklər, xüsusilə şəkərli diabet, ürək-damar, mədə-bağırsaq, hipertoniya, onkoloji xəstəliyi olan və həmçinin yaşlı insanlar ehtiyyatlı olmalıdırlar. Çünki oruc tutanda bu insanların xəstəlikləri kəskinləşə və fəsadlar ortaya çıxa bilər. Xüsusilə pandemiya dövründə ac qalmaq həmin xəstəliklərin daha da kəskinləşməsinə yol aça bilər”.
Oruc tutan insanların düzgün qidalanmasının önəmli olduğunu deyən həkim, gigiyenik qaydalara riayət olunmanın vacibliyini də vurğuladı:
“Dini orucun qaydalarına uyğun olaraq qida günorta saatlarında yox, səhər və axşam saatlarında qəbul olunur. Bu zaman insanların diqqət edilməli olduğu əsas məqam sağlam və düzgün qidalanmaqdır. Normal orqanizm üçün lazım olan karbohidrat, zülal, yağ və vitaminli qidalar qəbul olunmalıdır. Pandemiya dövründə virusdan qorunmaq üçün sosial məsafə qaydasına əməl etmək, xəstə insanlarla təmasda olmamaq, şəxsi gigiyena qaydalara əməl etmək vacibdir”.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top