Karantin dövründə kontakt linzalardan istifadə ilə bağlı HƏKİMDƏN TÖVSİYƏLƏR


Sağlamlığı üçün linzalardan istifadə edənləri maraqlandıran bəzi suallar var. Koronavirusla mübarizə günlərdə kontakt linzadan istifadə etsəm, sağlamlığıma zərərlidirmi? Linzaların istifadə qaydasında daha nələrə diqqət etməliyəm? Hansı halda linzalardan istifadə etməyə bilərəm? Mövzu ilə əlaqədar bu və digər sualları Yeniavaz.com-un həmsöhbəti oftalmoloq cərrah, tibb elmləri namizədi Rafadar Xəlilov cavablandırdı. 

- Koronavirusla mübarizə günlərində linzaların istifadəsi nə qədər doğrudur?

- Koronavirus periodunda kontakt linzanın istifadəsinin xəstəliyə yol aça biləcəyi ilə fərqli məlumatlar yayılmaqdadır. Buna aydınlıq gətirək. Əslində kontakt linzalar korreksiya vasitəsidir. Bəzi şəxslərin başqa bir seçimi yoxdur. Onların gözlərindəki zəiflik yüksək dərəcədə olduğu və o dərəcədə eynək istifadə edə bilmədikləri üçün linzalardan istifadə edirlər. Miop və hipermetropdan əziyyət çəkənlər eynəkdən istifadə edə bilmirlər və bu periodda onlara kontakt linzalardan istifadə etməyin deyə qərar versək, o insanlar narahat olacaqlar. Başqa çıxış yolları olmadığı üçün problemləri daha da artacaq. 

- Bəs kontakt linzaları istifadə etmədən əvvəl nəyə diqqət edilməlidir?

- Əslində kontakt linzalardan istifadə edən zaman gündə iki dəfə- səhər qoyanda və axşam çıxaranda gözə təmas edirik. Kontakt linzaların onsuz da gigiyenik qaydası var. Linzanı qoymamışdan əvvəl əllər təmiz, sabunlu su ilə yuyulmalıdır. Heç bir səthə təmas etmədən linzaya toxunulmalıdır. Əgər bu şərtə əməl olunarsa, bu kontakt linza istifadəçilərində koronavirusa yoluxma riskini artırmaz. Bəzi səhlənkar insanlar gigiyenik şərtlərə əməl etmirlər, o halda yoluxma riski arta bilər. Hətta bir insan kontakt linzadan istifadə etməsə belə bu şərtlərə əməl etməzsə, o halda da xəstəliyə yoluxma riski yüksələr. Kontakt linzalardan istifadə etmək məcburiyyətində olanlara tövsiyəm kontakt linzalardan istifadə etsinlər. Lakin gigiyenik qaydalara əvvəlkindən də daha gücləndirilmiş şəkildə riayət etsinlər. 

- Hansı halda kontakt linzalardan imtina etmək lazımdır?

- Əgər bir insan həm eynək, həm də linza istifadə edə bilərsə, o halda eynəkdən  istifadə etməsini tövsiyə edərik. Bu kontakt linzanın risk yaratmasından deyil, eynəyin qoruyuculuğundan istifadə etmələri üçün məsləhət görülür. Çünki istənilən halda eynək gözümüzün önünü tutur və gözümüz hər dəfə qaşınanda, göynəyəndə eynək gözümüzün önünü tutduğu üçün gözə təmas etmirik. Eynək bizim üçün belə bir mühafizə funksiyası görmüş olur. Hər kəsə xeyirli, sağlam ömür arzulayıram. Özünüzə yaxşı baxın, evdə qalın.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top