Azərbaycan neftindən milyonlar qazanıblar, amma Fonda pul köçürmürlər… - SİYAHI


Bildiyimiz kimi, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda onlarla xarici neft şirkətləri fəaliyyət göstərib və bu gün də onların bir çoxu öz fəaliyyətlərini davam etdirirlər.
Yeniavaz.com xəbər verir ki, hər il Azərbaycan neftindən milyonlarla dollar qazanan bu şirkətlərin bəziləri  hələ də “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na bir manat da olsun yardım etməyiblər.
Azərbaycan neftindən ən çox pul qazanan şirkət BP şirkəti hesab olunr. “Azəri-Çıraq-Günəşli” layihəsində Azərbaycandan da çox paya sahib olan BP şirkəti bugünə kimi Fonda ianə etməyib.
“Koronavirusla Mübarizəyə Dəstək Fondu”na pul köçürən şirkətlərin siyahısında SOCAR-dan başqa “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçılarından olan şirkətlərin heç birinin adına rast gəlmək olmur.
“Şah Dəniz” qaz layihəsində iştirak edən şirkətlər arasında isə SOCAR-dan başqa “Petronas” və “Lukoil” şirkətləri də “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na pul köçürüblər.
“Petronas” (Malayziya) şirkətinin Azərbaycandakı filial Fonda 10 000 manat, “Lukoil”in Azərbaycandakı nümayəndəliyi isə 170 000 manat ianə ediblər.
BP (İngiltərə)ilə birgə “Azəri-Çıraq-Günəşli” və “Şah Dəniz” layihələrində iştirak edən “Equinor” (“Statoyl”- Norveç), “Şevron” (ABŞ), TPAO (Türkiyə), “Ekson” (ABŞ), NİCO (İran), “İtoçi” (Yaponiya) kimi şirkətlər isə hələ də Fonda vəsait köçürməyiblər.
Məlumat üçün bildirək ki, 15 aprel 2020-ci il saat 20:00-a olan sonuncu məlumata görə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na  111 milyon 988 min 368 manat daxil olub.  Bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 85 milyon 51 min 749 manatı hüquqi şəxslər, 6 milyon 936 min 621 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Qeyd edək ki, “Koronavirusla Mübarizəyə Dəstək Fondu” Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top