Azərbaycan əsilli milyarderlərin nə qədər pulları var və ölkəmizə necə dəstək olurlar? - SİYAHI


Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalının hazırladığı “Dünyanın ən varlı insanları” adlı sonuncu hesabatda 5 Azərbaycan əsilli şəxsin də adı yer alıb.

Yeniavaz.com xəbər verir ki, 1 milyard dollardan çox sərvətləri olan 2 119 nəfərin yer aldığı siyahıda Azərbaycan əsilli milyarderlərin ümumi sərvəti 27,7 milyard dollara bərabər olub.
Siyahıda yer alan Azərbaycan əsilli milyarderlərin 5-i də Rusiyada vətəndaşlarıdır. Onların içərisində ən çox sərvəti olan Vahid Ələkbərov hesab olunur. Dünyanın ən varlı şəxsləri arasında 53-cü, Rusiyanın ən varlı şəxsləri arasında isə 4-cü sırada yer alan Vahid Ələkbərovun ümumi sərvəti 19,4 milyard dollar həcmində dəyərləndirilir. “Lukoil” neft şirkətini sahibi olan 70 yaşlı Vahid Ələkbərovunsərvətinin  ötən illə müqayisədə 2,6% və ya 528 milyon dollar azaldığı bildirilir.
Dünyanın ən varlı şəxslərinin siyahısında 871 və 872-ci sıralarda daha iki Azərbaycan əsilli milyarder yer alıb. Rusiyada daşınmaz əmlak sahəsində fəaliyyıt göstərən Qod Nisanov və Zarax İliyevin hər birinin 2,6 milyard dollar sərvətinin olduğu qeyd olunur. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
“Forbes” jurnalının siyahısında 1431-ci sırada olan Araz Ağalarovun ümumi sərvəti isə 1,7 milyard dollar həcmində qiymətləndirilir.  "Krokus" şirkətinin sahibi olan 65 yaşlı Araz Ağalarov da Rusiyada daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.
“Dünyanın ən varlı insanları”nın siyahısında 1702-ci sırada qərarlaşan 65 yaşlı Fərhad Əhmədovun isə 1,4 milyard dollar sərvətə sahib olduğu bildirilir.
Onu da qeyd edək ki, həm dünyanın, həm də Rusiyanın ən varlı şəxsləri arasında yer alan Azərbaycan əsilli milyarderlərdən biri olan Qod Nisanov Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ən çox ianə edən şəxs olub. Qod Nisanov Fonda 2 milyon manat vəsait köçürüb.
Qeyd edək ki, Qod Nisanovdan başqa digər Azərbaycan əsilli milyarderlərin adına Fonda pul köçürən fiziki şəxslərin siyahısında rast gəlmək olmur. Yalnız, Vahid Ələkbərova məxsus olan “LUKOYL-Azərbaycan” şirktəti Fonda 170 min manat, Fərhad Əhmədova məxsus olan “Teymur Əhmədov adına AzNar” QSC isə Fonda 1 milyon manat köçürüb.
 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top