Meşə ilə Ağsudan Şamaxıya keçmək istəyənlər həbs olundu - FOTO

Karantin rejimi qaydalarını pozaraq, Ağsudan Şamaxıya keçmək istəyənlər həbs olunub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman rayon sakinləri - Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq olunsa da, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılıb və polis şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq, rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.

Bundan başqa, Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “KamAZ” markalı yük maşınının sürücüsü polisin “saxla” əmrinə tabe olmayıb.

Ağsu RPŞ-nin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib. S.Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top