Milli Məclis təkzib etdi: “Lazım gəlsə, siyahını açıqlayarıq”


Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin deputatlarından yalnız 16-nın Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdüyü barədə məlumat yayılıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu informasiya həqiqəti əks etdirmir.
A. Təvəkküloğlu deyib ki, bütün deputatlar, Milli Məclis Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürüb: “Bununla bağlı siyahını da mətbuata açıqlamağa hazırıq. Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin plenar iclaslarının birində deputatların və Milli Məclis Aparatının əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürdüklərini bildirib. Bu barədə məlumat KİV vasitəsi ilə ictimaiyyətə çatdırıldı. İndi isə guya yalnız 16 deputatın Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdüyü barədə hansısa bir KİV-in yaydığı informasiya tamamilə həqiqətə uyğun deyil”.
 
Milli Məclis mətbuat xidmətinin rəhbəri həqiqəti əks etdirməyən belə bir informasiyanın yayılmasının yolverilməz olduğunu vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top