İcazə saxtakarlığını “Nənəmin nəvələri” qrupunda yayıb - MƏHKƏMƏ


Sumqayıt Apellyasiya Məhkəməsində “8103”dən gələn SMS-in tarixini dəyişdirdiyinə görə inzibati qaydada həbs edilmiş Nail Yaqubovun şikayətinə baxılıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılıb.

Məlum olub ki, Sumqayıt şəhərində yaşayan 2001-ci il təvəllüdlü N.Yaqubov aprelin 5-də 8103 nömrəsinə SMS göndərməklə yaşayış ünvanından müvəqqəti çıxış icazəsi əldə etdikdən sonra gündəlik icazə limitini istifadə edib. Daha sonra icazəyə əsas verən həmin SMS-in mətnində “instaqram” sosial şəbəkəsində hesab vasitəsi ilə dəyişiklik etməklə qanunsuz yolla təkrarən mütəmadi olaraq küçəyə çıxıb.

Həmçinin həmin üsulu digər şəxslər arasında yayıb. Belə ki, həmin üsulu “Whatsapp” sosial şəbəkəsində öz qohumları ilə birlikdə olduğu “Nənəmin nəvələri” adlı qrupda paylaşaraq qohumlarına da bu üsuldan istifadə etməyi tövsiyə edib.

Buna görə, Sumqayıt Şəhər Məhkəməsi onun İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

Məkəmə iclasında çıxış edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Salman Qasımov N.Yaqubovun gənc olmasını, əməlini səmimi etiraf etməsini nəzərə alaraq, ona ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

Məhkəmə isə hesab edib ki, təyin olunmuş inzibati tənbeh növünün yüngülləşdirilməsi üçün əsaslar yoxdur.

Apelyasiya Məhkəməsi qeyd edir ki, Yaqubov Nail Mail oğlu özü karantin rejiminin qaydalarını pozmaqla kifayətlənməyib, eyni zamanda “Whatsapp” sosial şəbəkəsində öz qohumları ilə birlikdə olduğu qrupdakı insanlara da həmin üsuldan istifadə etməyi məsləhət bilməklə onların da koronavirus (COVID-19) pandemiyasıma yoluxması üçün şərait yaradıb.

Qeyd olunanları nəzərə alan məhkəmə apelyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top