
“Koronavirus infeksiyasının yayılması məsələsi qəfil olan şeydir. Hökumət buna hazırlıqlı olmayıb. Bir şeyi nəzərə almalıyıq, tələb edəndə fikirləşməliyik ki, müharibə şəraitində yaşayan ölkəyik, müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq”.
Yeniavaz.com xəbər verir ki, xalq artisti Afaq Bəşirqızı bu ifadəni "Azadlıq radiosu"na verdiyi müsahibəsində dilə gətirib.
Afaq xanım fikrinə belə davam edib: “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv deyirəmsə, deyin, Afaq xanım, səhv deyirsiniz... Ürək xəstəliyimə görə şəhərdə evimdə yaşaya bilmirəm, bağdayam. Torpaq, bel görməyən Afaq ağır əməliyyat keçirməsinə baxmayaraq, nə isə əkirəmsə, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, Bakıda yaşamaq hamımızın azarı və bezarıdır. Çətin bir anda ağlayırıq, nəisə tələb edirik, qışqıra-qışqıra istəyirik... Qışqırmaqla nəyəsə nail olmaq mümkün deyil. Artıq o dövr keçib. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarıb uşağına çarə tapmağa".
Afaq xanım Azərbaycanın səfalı rayonlarını diqqət mərkəzinə gətirərək oradan şəhərə gəlməyin lüzumsuz olduğunu dilə gətirib. "Bizim elə səfalı rayonlarımız var ki, gedib Fransada istirahət eləsən o qiymətə başa gəlməz nəinki öz rayonlarımızda. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır ... "
A.Bəşirqızı əhaliyə verilən 190 AZN məbləğin az olub-olmaması sualına cavabında Azərbaycan sərhədlərini, səngərlərinin bugünkü vəziyyətini və müharibə şəraitində olmağına diqqət çəkib.
Xalq artisti sonda, "Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq”, – deyə qeyd edib.
Aygün Zayidova