Bakıda elan saytlarından istifadə edənləri aldadan dələduz qadın peyda olub - FOTOLAR


Bakıda yaşayan N. R. kirayə mənzil axtararkən dələduzluğa məruz qalıb.
O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, martın 26-da “tap.az” saytında kirayə mənzil axtarıb: "Axtardığım şərtlərə uyğun mənzili tapdım və əlavə edilmiş əlaqə nömrəsinə (077 322-0280) “whatsapp” vasitəsilə ismarıc göndərdim. Özünü Samirə kimi təqdim edən qadın, sözügedən mənzilin fotolardakı ilə eyni olduğunu, hazırda orada yaşayan kirayəşinlərin ayın 30-u açarı təhvil verəcəklərini bildirdi. Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsində 5 mərtəbəli binada, “Bublik” adlı şirniyyat evinin üzərində yerləşdiyi iddia edilən mənzilin yerinə baxdım və beh vermək üçün razılaşdıq. Martın 28-i saat 12 radələrində Azadlıq prospektində yerləşən “Koala” parkın əsas girişi önündə həmin qadınla görüşüb 100 manat beh verdim. Qadın əsl adının Nərmin olduğunu, yad adamlardan qorunmaq üçün özünü elanda Samirə kimi təqdim etdiyini və körpə uşağını həmin əraziyə masaja gətirdiyini bildirdi. Xanım mövcud kirayəşinləri çıxdıqdan sonra, mənzili təmizlədib, açarı mart ayının 30-u mənə təhvil verəcəyini dedi. Sonuncu dəfə 28 mart 14:55-də mənə mövcud kirayəşinlərlə danışıb dəqiq vaxt bildirəcəyi barədə mesaj yazdı və ondan sonra həmin qadınla heç cür əlaqə saxlaya bilmədim. Mesajları oxuyub, cavablandırmadı, zəngləri rədd etdi və yekunda telefon nömrəsini bağladı”.
N. R. hadisədən sonra şübhələnib və araşdırma aparıb. Məlum olub ki, sözügedən qadının istifadə etdiyi telefon nömrəsi ilə “daşınmaz əmlakın satışı və kirayəsi elanları” verən bir sıra internet saytlarında Kamilla, Nəzrin, Samirə kimi müxtəlif qadın adları ilə elanlar yerləşdirilib: "Elanlarda kirayə mənzil kimi yerləşdirilmiş mənzilin fotoları isə adətən başqa, çox tanınmamış və artıq mövcud olmayan köhnə elanlarda satışa çıxarılmış mənzillərin fotoları olur". 
Dələduzluğa məruz qaldığını iddia edən N. R. məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, məsələ araşdırılacaq.
Dələduzluq etdiyi iddia edilən qadının bəzi elan saytlarına yerləşdirdiyi elanları təqdim edirik:


DİGƏR XƏBƏRLƏR

Top