Yerə atılan maska və əlcəklər virus yaya bilərmi? - AÇIQLAMA


Koronavirus pandemiyası yayılandan bu yana həm dünyada, həm də ölkəmizdə vətəndaşlara maska,əlcək və digər tibbi vasitələrin istifadəsi zərurəti yarandı. 
Ölkədə karantin rejimi elan edildiyi bir vaxtda maska və digər tibbi vasitələrə tələbatın çox olmasına baxmayaraq küçələrdə yerə atılmış maska və əlcəklərə rast gəlmək mümkündür.
Belə tullantıların artması ölkədə həm gigiyenik pozuntuya, həm də koronavirusun daha da yayılmasına şərait yaradır.
Sözügedən mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, istifadə olunmuş maska, əlcək və salfetləri selofan torbaya qoyub saxlamaq və qısa müddətdə zibil qutusuna atmaq lazımdır: “İstifadə olunub atılan tibbi vasitələrin hansının virus daşıyıb, daşımadığını bilə bilmərik. Parça maskalarda virus 9 saat, metal səthlərdə isə 12 saat ərzində virus yaşaya bilir. Bu cür materialların küçəyə atılması Bakı kimi küləkli şəhərdə xüsusi təhlükəlidir. Əgər həmin tullantılarda virus varsa bu külək vasitəsilə də ətrafa yayıla bilər və insanlara nəfəs yolu ilə yoluxa bilər. Ümumiyyətlə belə şəxslərlə bağlı cərimələr tətbiq olunmalıdır. Təhlükəsizlik tədbirləri sərtləşdikcə həmin şəxslərlə bağlı da ölçü götürüləcək”.

Adil Qeybulla uzun müddət istifadə oluna bilən respiratorla bağlı da tövsiyələrini qeyd edib: “Əgər respiratorlar cəmi bir dəfə istifadə olunubsa, onu mütləq günəş şüaları altında və ya evin girişində saxlamaq lazımdır. Maskalar isə yanlarından açılıb bir yerdən asılmalıdır”.

İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top