![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/1760d343-cb34-4570-83fc-43d820106963/hava-limani-baki.jpg)
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən gün "Polşa Hava Yolları" şirkətinin (LOT) Azərbaycan istiqamətində yerinə yetirdiyi çarter reysi ilə əlaqədar yayılmış məlumatlara aydınlıq gətirib.
Hava limanından Yeniavaz.com-a bildirilib ki, içində 90 Azərbaycan vətəndaşı olan və Varşava-Lənkəran reysi üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblərdən geriyə qayıtmaq barədə qərar qəbul edib. LOT-un təyyarəsi yenisi ilə əvəz edildikdən sonra hava gəmisi Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Təyyarə ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və martın 28-də Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb. “Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edib.